Rusiyanın Maqadan bölgəsində, dağlarda çəkilmiş video sosial şəbəkələrdə və YouTube-da sürətlə yayılır.
Videonu artıq milyonlarla insan izləyib.
Videoda ana və bala ayıların "macərası” əks olunub.
Qarla örtülmüş sıldırım dağ yamacında olan ana və bala yuxarı, qayanın üzərinə çıxmaq istəyirlər. Güclü, sürətli ana yuxarıya doğru məsafəni asanlıqla qət edir.
Anasının arxasınca yuxarı dırmaşan bala ayı isə sürüşür, aşağı düşür. Lakin o, yenə yuxarı çıxır.
Çəkiliş aparan dron bala ayıya yaxınlaşanda o, qorxur və nəticədə yenə aşağı sürüşür.
Fəqət, bala ayı ruhdan düşmür və son həmlə edərək yuxarı, anasının yanına çıxır.
Sosial şəbəkələrdə video birmənalı olaraq çəkiliş sahibinin tənqidinə səbəb olub. Mütəxəssislər də ayı balasının əzablarına məhz dronun səbəbkar olduğunu vurğulayıblar. (Milli.az)








