RU
Mingəçevir Dövlət Universitetində Respublika Elmi Konfransı keçirildi
19:51
3175

Mingəçevir Dövlət Universitetində Respublika Elmi Konfransı keçirildi

Mingəçevir Dövlət Universitetinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir şəhər Təhsil Şöbəsinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda birgə  Respublika Elmi konfransı keçirilib. 

İlk öncə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə mərdliklə, cəsarətlə vuruşan və Şəhidlik zivəsinə ucalan qəhrəman oğlanların, əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra giriş sözülə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif  Hacıyev müasir qloballaşma prosesləri fonunda hər bir xalqın milli-mənəvi və əxlaqi dəyərlərini qoruyaraq onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanı adətən fenomen şəxsiyyətlərin üzərinə düşdüyünü qeyd etdi. Yalnız dahi şəxsiyyətlər yetişdirən xalqlar minilliklər boyu formalaşmış milli düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində inamla irəlilədiyini bildirdi. Dünyanın bir çox xalqları öz liderlərinin müəyyənləşdirdiyi yolla addımlayır, davamlı və sabit inkişafı bu uğurlu yoldan kənarda təsəvvür etmədiklərini vurğuladı.

Rektor A.Hacıyev qeyd etdi ki, Azərbaycanda bu ağır və taleyüklü missiyanı ulu öndərimiz Heydər Əliyev öz üzərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük hamisi olmuşdur. Natiq bildirdi ki, Ümummilli liderimiz müstəqil respublikamıza rəhbərliyi dövründə dəfələrlə vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər xalqın milli kimliyinin və özünəməxsusluğunun qorunmasını aktual məsələyə çevirmişdir.

Sonra konfransın plenar iclasında məruzələr dinlənilmişdir. Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Esmira Cəfərova “Ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan multikulturalizmi milli-mədəni dəyərlərin qorunması mexanizmi kimi”; Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, ”Əməkdar müəllim” Sahib Məmmədov “Milli-mədəni irs – milli sərvətimizdir”; Mingəçevir Dövlət Universitetinin Dillər və ədəbiyyatın tədrisi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, ”Əməkdar müəllim” Mayıl İsmayılov “Qloballaşma və mədəni inteqrasiya şəraitində milli-mənəvi dəyərlərin təbliği məsələləri”; Mingəçevir şəhər 7 saylı məktəbin direktoru, Gəncə Dövlət Universitetinin doktorantı Anar İsmayılov “Şəxsiyyətin formalaşmasında milli-mənəvi dəyərlərin rolu” mövzularında çıxış etmişlər.

Məruzələr dinlənildikdən sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, İlham İsmayılov İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını çatdırdı, konfransın işinə uğurlar arzuladığını qeyd etdi. İ.İsmayılov konfrans və məruzələr barədə fikirlərini bölüşdü. Məruzələrin yüksək səviyyədə hazırlandığını bildirdi. Mingəçevir Dövlət Universitetinin alimləri və gənc tədqiqatçıları tərəfindən aparılan elmi işlərlə bağlı məlumatlı olduğunu, universitet bu gün ölkənin aparıcı ali təhsil ocaqları ilə rəqabət aparacaq savadlı kadr potensialının yetişdirilməsində xüsusi çəkiyə malik bir təhsil ocağına çevrildiyini qeyd etdi.   

İ.İsmayılov sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmadığını, təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirdiyini vurğuladı.

Natiq bildirdi ki, "Təhsil millətin gələcəyidir!" deyən xalqımızın dahi oğlu, müstəqil, müasir, demokratik dövlətimizin banisi və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunu çox uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin elm və təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının ən mühüm, ən öncül istiqamətlərindən biri kimi qiymətləndirməsi və bu yöndə apardığı ardıcıl dövlət siyasəti respublikamızda bu sahəni müasir dünya standartlarına uyğun inkişaf yoluna çıxarmışdır. 

Sonda rektor A.Hacıyev konfransın plenar iclasının başa çatdığını qeyd etdi və proqrama uyğun olaraq iki gün ərzində bölmə iclaslarıının keçiriləcəyini vurğuladı.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2016-cı il tarixli 120 saylı əmrinə uyğun olaraq keçirilmişdir.

7news.Az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ