RU
Mingəçevir izdihamla daha bir şəhidini torpağa tapşırdı
14:48
1510

Mingəçevir izdihamla daha bir şəhidini torpağa tapşırdı

Cəbhə bölgəsində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mingəçevir sakini Adilzadə Adil Kamran oğlu aprelin 11-də doğma şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu. Şəhidi son mənzilə yola salmaq üçün on minlərlə şəhər sakini küçələrə axışmışdı. Şəhid Adil Adilzadənin cənazəsini evindən Şəhidlər Xiyabanınadək cəbhə yoldaşları gətirmiş, əllərində Azərbaycanın bayraqları olan on minlərlə insan cənazəni müşayət edərək “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir bizim olacaq” şüarlarını səsləndiriblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər şəhər sakinləri ilə birlikdə şəhidlə vida mərasimində iştirak etmişlər. Şəhidin dəfn mərasimində çıxış edən şəhər rəhbəri Niyazi Bayramov,  belə cəsur övlad böyütdüklərinə görə Adil Adilzadənin valideynlərinə minnətdarlıq etmiş, onun hər zaman insanların qəlbində yaşayacağını, adına yeni küçə və meydanların salınaraq əbədiləşdiriləcəyini bildirdi. Şəhər rəhbəri əmin olduğunu bildirdi ki, Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğaldan azad olunacaq.

Digər çıxışçılar torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an silaha sarılmağa və cənab prezident İlham Əliyevin əmri ilə döyüşə atılmağa hazır olduqlarını bəyan etdilər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ