"Minsk qrupu həmsədrləri ilk dəfə deyil ki, Volter və Markoviçin hesabatlarına qarşı çıxır".
Bu fikirləri Azərbaycan-slavyan Gəncləri Assosiasiyası Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Avropa Şurası Parlament Assambleyası (AŞPA) məruzəçiləri Robert Volter və Militsa Markoviçin hazırladıqları hesabatlara ATƏT-in Minsk qrupu həmsədrlərinin sərt mövqe bildirməsi, AŞPA-nı bu münaqişəyə qarışmamağa çağırması məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması səylərini alqışlayır və sülh yolu ilə həllə sadiq tərəflərlə birlikdə işləməyə hazır olduqlarını bəyan edirlər: "Bu mövqe ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun dünən yaydıqları birgə bəyanatında da deyildi. Eyni zamanda bəyanatda AŞPA-nın yaxın vaxtlarda münaqişə ilə bağlı qətnamə qəbul edə biləcəyi qeyd olunur. Minsk qrupu həmsədrləri ilk dəfə deyil ki, Volter və Markoviçin hesabatlarına qarşı çıxır, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə "müdaxiləsi"ni az qala yolverilməz sayır, ATƏT-in Minsk qrupunun "yeganə format" olduğu xatırladır və hansısa kənar qüvvə və qurumun bu münaqişəyə marağının Minsk qrupunun mandatına xələl gətirəcəyindən dəm vururlar. Əslində, Minsk qrupunun həmsədrlik institutu bir format kimi çoxdan çürüyüb, mandatından isə bir fayda yoxdur ki, ona kimsə bir xələl yetirsin. Hər halda, uzun illərdir vasitəçilik işində bir qarış olsun belə məsafə qət etməyən ATƏT-in Minsk qrupu özünü çoxdan bacarıqsız bir qurum kimi təsdiq edib. İşğal nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirilib, Xocalı soyqırımı törədilib. Bu faktları görməmək, ədalətli qiymət verməmək onların öz vəzifə borclarına kifayət qədər ədalətli yanaşmamasından irəli gəlir. O ki qaldı onların bugünkü mənfi mövqeyinə, bu, qərəzli və ikili standartlardan başqa bir şey deyil. Əslində onlar özləri də maraqlı olmalıdırlar ki, işğalçı dövlət konstruktiv mövqeyə yaxınlaşsın”. /sia.az
7News.Az








