"Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi Azərbaycan istisadiyyatının inkişafına böyük təkan verəcək”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, həmin addım ölkə inkişafı üçün hazırlanan planın tərkib hissəsidir.
"Cənab Prezident İlham Əliyev tərəfindən "Strateji yol xəritəsi” təsdiq olunub. Bu sərəncamın icrasına 2016-cı ildən başlanılıb. Bu plana əsasən Azərbaycanda müəyyən struktur və kard islahatları gedir. Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi də bu baxımdan atılan addımdır. Bu gözlənilən idi. Nazirliyin səlahiyyətləri çoxdan alınmışdı. "Azərbaycan Dəmir Yolları” və "Azəravtoyol” nazirliyin nəzarətindən alınmışdı. Onlar sərbəst təşkilatlar idi. Müəyyən strateji məsələlərə görə nazirlik müvəqqəti saxlanılırdı. İndi onun birləşdirilməsi də problem yaranmadı. Çünki Nəqliyyat Nazirliyinin mövcud səlahiyyətlə az idi və həmin səlahiyyətlər yeni qurum tərəfindən həyata keçiriləcək. Bu proses iqtisadi islahatların davamıdır”, - deyə Vahid Əhmədov bildirib.
Deputatın sözlərinə görə, iki nazirliyin birləşdirilməsi həm iqtisadi və həm də strateji mənada müsbət nəticələr verəcək:
"Bu dəyişikliklər ölkə iqtisadiyyatı üçün uğurlu addımdır. Ən birinci Dövlət Büdcəsinə xeyir verəcək. Həm də belə islahatlar inkişafa dəlalət edir. Azərbaycanda modern hökumət yaradılmalıdır ki, indiki durumda çevik qərarlar vermək imkanına sahib olsun”.
7news.Az








