RU
Moskva-Bakı-Tehran əməkdaşlıq formatı regiona
16:48
108481

Moskva-Bakı-Tehran əməkdaşlıq formatı regiona

Son aylar yaşadığımız coğrafiyada bir-birindən maraqlı proseslər cərəyan edir. Bu proseslər fonunda isə regionda əhəmiyyətli yerə və rola malik olan Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərilir. Hər halda bir-birinin ardınca beynəlxalq təşkilat və qurumların rəsmilərinin, xarici ölkə başçılarının Azərbaycana reallaşdırılan səfərləri belə deməyə əsas verir. Həyata keçirilən bu kimi səfərlər isə Azərbaycanın iştirakı ilə regionda yeni əməkdaşlıq formalarının yaradılmasına təkan verir. Bu günlərdə Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşünü də buna misal göstərmək olar. Məlum olduğu kimi aprelin 7-də Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında keçirilən görüşün yekununda mətbuat üçün açıqlama verilib. Açıqlamada tərəflər ölkələrin regional və beynəlxalq məsələlər üzrə dialoq və qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcək üçtərəfli formatda görüşünün vacibliyini vurğulayıblar. XİN rəhbərləri bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdimək və gücləndirmək barədə razılığa gəliblər. Hər üç ölkənin xarici siyasət idarəsinin rəhbəri regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini qeyd ediblər. Bəs görəsən üç ölkənin xarici siyasət idarəsi rəhbərlərinin bu kimi görüşləri regional əməkdaşlıq, eləcə də bu coğrafiyada sülhün təminatı, regional münaqişələrin həllinə nə dərəcədə yardımçı ola bilər? Ümumiyyətlə, bu tipli əməkdaşlığın gələcək perspektivləri nədən ibarətdir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyevlə söhbətləşdik.

-Azər müəllim, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakı görüşü regionda yeni bir əməkdaşlıq üçün nə vəd edir?

-Bildiyimiz kimi bu günlərdə Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üştərəfli görüşü baş tutub. Görüşdə Azərbaycanı Elmar Məmmədyarov, Rusiyanı Sergey Lavrov, İranı isə Məhəmməd Cavad Zərif təmsil ediblər. Məlumat üçün qeyd edim ki, bu görüş ənənəvi olaraq hər il keçirilir. Görüşdə ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik sahələrindəki əməkdaşlıq perspektivləri geniş formada müzakirə olunub. Hesab edirəm ki, bu formatda keçirilən görüşlər birmənalı şəkildə regionda yeni imkanların açılmasına xidmət edir.

-Belə bir əməkdaşlıq regionun təhlükəsizliyi, regional münaqişələrin həllində nə dərəcədə əhəmiyyətli rol oynaya bilər?

-Azərbaycan Cənubi Qafqaz regionunda lider ölkədir. Bundan başqa Xəzəryanı ölkələr arasında kifayət qədər ciddi çəkisi olan bir dövlətdir. Digər bir məqam isə ondan ibarətdir ki Azərbaycan dünya üçün enerji təhlükəsizliyi mənbəyidir. Bu günə qədər Azərbaycan bir çox irimiqyaslı enerji layihələrini reallaşdırıb. Bir neçə layihə isə reallaşmaq üzrədir. Butün bu faktorlar birmənalı şəkildə ölkəmizin regiondakı nüfuzunun qorunması ilə nəticələnir.

-Türkiyənin də bu əməkdaşlıq formatına cəlb edilməsi nə dərəcədə mümkündür. Çünki bundan əvvəl Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında əməkdaşlıq formatı müzakirə mövzusu idi?

-Son bir neçə ayda Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi birmənalı şəkildə ölkələrarası münasibətlərə də ciddi şəkildə təsir etməkdədir. Təbii ki, Azərbaycan tərəfi münasibətlərin normallaşdırılması istiqamətində hər çür formatda vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda XİN rəhbərləri ilə görüşlərin coğrafiyasının genişləndirilməsi isə birmənalı şəkildə ölkəmizin nüfuzunun artması ilə nəticələnə bilər.

-Tərəflər ümumilikdə regionda hansı istiqamətlərdə birgə əməkdaşlıq edə bilərlər?

-Ümumilikdə strateji əməkdaşlıq dedikdə biz siyasi, iqtisadi əlaqələrin inkişafı, təhlükəsizlik məsələlərin müzakirəsi, yeni imkanların açılması kimi faktorları başa düşürük. Azərbaycanın coğrafi mövqeyi beynəlxalq dəhliz rolunun oynamasına geniş imkan yaradır. Bu mənada həm İran, həm də Rusiya üçün Azərbaycan strateji tərəfdaş olaraq qalacaqdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ