RU
Moskvanın “şirin mahnıları”: “Rosbalt” Paşinyanın qorxularından yazdı
13:58
494

Moskvanın “şirin mahnıları”: “Rosbalt” Paşinyanın qorxularından yazdı

Yerevan ölkədəki Rusiya sərhədçilərinin statusuna yenidən baxılması niyyəti barədə ziddiyyətli məlumatlar yayır. Bu nədir: Moskvaya şantaj yoxsa hakimiyyətdə qarışıqlıq?

7news.Az xəbər verir ki, bununla bağlı Rusiyanın "Rosbalt” federal informasiya-analitik agentliyi yazıb. 

Nəşrin məlumatında bildirilib ki, Yerevanın ölkədəki Rusiya sərhədçilərinin statusuna yenidən baxılması niyyəti ilə bağlı danışan Ermənistan müdafiə naziri David Tonoyan ya məsuliyyətsizdir, ya da o, "qəddar polis” rolunu oynayır: 

"Bu bəyanat Ermənistandakı 102-ci rus hərbi bazası Panik kəndində heç bir xəbərdarlıq etmədən təlim keçirməsi üçün bəhanə oldu. Bu hadisələrdən sonra Ermənistan baş naziri Nikol Paşinyan "Exo Moskva” radiostansiyasına müsahibə verdi.  

Paşinyanın sözlərinə görə, Rusiya sərhədçilərinin və hərbi bazasının Ermənistanda olması respublikanın milli maraqlarına uyğundur və Ermənistan üçün çox vacibdir...”

Məqalə müəllifi hesab edir ki, Paşinyan "mehriban polis” rolunu üzərinə götürüb və bu, daha çox narahat edir. 

"Bu halda, Ermənistan rəhbərliyinin xarici siyasəti ilə bağlı davranış tərzində çoxtəbəqəlilik müşahidə olunur. Və ya bu, sadəcə, axmaqlıqdır: İlanın ağına da lənət, qarasına da. Həm birinci, həm də ikinci "məhsul” isterik ictimai-siyasi müzakirələr üçün əlavə enerji verir”, - məlumatda bildirilib. 

Bununla yanaşı, nəşr bildirib ki, hərbi münasibətlərdə Moskvadan asılı vəziyyətdə olan Ermənistan açıq şəkildə NATO ilə əməkdaşlıq etməyə çalışır. Ötən il əvvəlki hökumətin dövründə onlar alyansın təlimində iştirakdan imtina etmişdilər, bu il isə Ermənistan NATO-nun avqustda Gürcüstanda keçirəcəyi "Nobel Partner” manevrlərində iştirak edəcək. 

"Və yenə də uyğunsuzluq: müdafiə naziri Tonoyan əmindir ki, Ermənistanın NATO ilə əməkdaşlığı bu ölkənin Kollektiv Təhlükəsizlik Əməkdaşlığı Təşkilatındakı müttəfiqlərinə qarşı deyil”. 

Ancaq nə KTMT-də, nə də NATO-da Ermənistan "səs hüququna” sahib deyil və bu xarici siyasətlə çətin ki ona sahib olsun. Respublikada hökumət də, xarici siyasət oryentirləri də dəyişib.

Ancaq onlar Panik kəndində baş verən hər hansı hadisəyə siyasi don geyindirərək, bundan Rusiya-Ermənistan hərbi-texniki əməkdaşlığın pozulması danışıqları üçün bəhanə ola bilərmi?

Ümumiyyətlə, Ermənistan xarici siyasətindəki məntiqsizlik çox yorucu olub. Bir tərəfdən, onlar Rusiyanın təsirindən çıxmaq və Qərbin investisiya dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxır. Digər tərəfdən isə, Paşinyan Moskvanın "şirin mahnıları”nı oxuyur, çünki Azərbaycan və Türkiyədən, o cümlədən "fövqəladə vəziyyətdə” NATO-nun köməyini qazana bilməyəcəyindən qorxur. 

Belə çıxır ki, müstəqil dövlət sayılmasına baxmayaraq, Ermənistan hamıdan asılıdır. Böyük dərəcədə Rusiyadan asılıdır. Hökumətin yarıtmaz siyasətindən sonra onlar ucuz silah kreditləri əldə edə biləcəklərmi? Şübhəlidir: Moskva çox ciddi zəmanətlər tələb edir. Pullu zəmanətlər vacib deyil, əsas məsələ Rusiyanın Ermənistanda iştirakıdır. Şatajsız və kənar danışıqlarsız...

Burada hansı müstəqillikdən söhbət gedə bilər! Eyni zamanda, Ermənistan rəhbərliyi öz aralarında "rus məsələsi”ni həll etməlidirlər, əks halda onların hər bir açıqlaması qeyri-ciddi görünür: müdafiə naziri baş nazirə, baş nazir isə özünə qarşı çıxır”, - "Rosbalt”ın məqaləsində deyilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ