Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İlk öncə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Daha sonra noyabrın 1-nə təyin edilmiş parlament seçkilərilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
MSK katibi Arifə Muxtarova Ümid Partiyasının üzvü Anar İsayevin deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya müraciət etdiyini bildirib. kATİB qeyd edib ki, MSK-nın Ekspert Qrupu Anar İsayevin 81 saylı Beyləqan seçki dairəsindən namizədliyinin qeydə alınmaması məsələsini araşdırıb.
Məlum olub ki, onun təqdim etdiyi imzalar yetərlidir. A.İsayevin namizədliyinin qeydə alınması məsələsi səsə qoyularaq qəbul edilib. Müsavat Partiyasının Divan üzvü Vəfa Abbasovanın (Cümşüdlü) deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə də baxılıb. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırma nəticəsində 550 imzadan 133-ü etibarsız hesab edilib. Beləliklə, 44 saylı Sumqayıt seçki dairəsinin qərarı qüvvədə saxlanılıb, yəni, V.Abbasovanın deputatlığa namizədliyi qeydə alınmayıb.
Sonda cari məsələlərə baxılıb./azvision
7news.az








