05 mart 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında "Müasir yatırım imkanları” mövzusunda Master Class təşkil olunmuşdur. Tədbir filialın rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutmuşdur.
Tədbiri giriş sözü ilə UNEC Zaqatala filialının direktoru, i.f.d., dosent Raqif Qasımov açaraq müasir dövrdə maliyyə bazarlarının inkişafı, investisiya imkanlarının genişlənməsi və gənclərin bu sahədə biliklərinin artırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür. O, bu kimi maarifləndirici tədbirlərin tələbələrin iqtisadi biliklərinin formalaşmasına və praktiki bacarıqlarının inkişafına mühüm töhfə verdiyini qeyd etmişdir.
Master Class çərçivəsində "InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov "Birjada qiymətin düşməsindən necə qazanmaq olar?” mövzusunda çıxış edərək maliyyə bazarlarında risklərin idarə olunması, investisiya strategiyaları və birja əməliyyatlarının əsas prinsipləri barədə ətraflı məlumat vermişdir.
Daha sonra "InvestAZ İnvestisiya Şirkəti” QSC-nin satış üzrə 2-ci dərəcəli meneceri Rəşad Mustafayev "Rəqəmsal aktivlər: kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusunda təqdimatla çıxış etmiş, rəqəmsal aktivlərin iqtisadi mahiyyəti, kriptovalyuta bazarının xüsusiyyətləri və bu sahədə mövcud texnoloji yanaşmalar barədə iştirakçılara məlumat vermişdir.
Tədbirin sonunda tələbələr mövzu ilə bağlı onları maraqlandıran sualları məruzəçilərə ünvanlamış, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Master Class iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.








