Mənim heç kimin sevgisində gözüm yoxdur. Bir-birini sevən çütlükləri görəndə də onlara zərrə qədər həsəd aparmıram. Çünki mənim öz eşqim özümə bəsdir.
14 fevralı müqəddəs Valentinə görə sevgililər günü kimi qeyd edənlərlə də işim yoxdur. Amma burada təkcə bir işim varsa, o da sevgi barədə öz düşüncələrimi paylaşmaqdır.
Doğrudur, fəlsəfi baxımdan sevgi - "insanlar arasında ümumiliyi, eləcə də yaxınlığı bildirən, onların qarşılıqlı maraqlarına və meyllərinə əsaslanan münasibətdir. Sevgi insanlar arsında elə bir münasibətdir ki, bir adam digərini özünə yaxın və əziz bilir, bununla da onu özü ilə eyniləşdirir."
Sözsüz ki, bütün bunlar aydındır, amma mənim sözüm eşqin özündədir. Axı o, nədir, necə məfhumdur? Niyə onun içində itib batanlar onu tanıya bilmir, anlaya bilmir? Niyə sevənlərin dili "lal" olur? Bəlkə bu, tanrı tərəfindən könüllərin ovsunu, əzabı və ya sevənin özünün hiss etmədiyi xoşbəxtliyidir? Bilmirəm...
Bundan başqa, üstəlik hələ - "insan niyə sevir?" sualı da, həmişə məni düşündürür. Təbii ki, əgər arada "hansısa məqsəd" varsa bu sevgi deyil. Biz bundan danışmırıq. Digər tərəfdən də əgər ürək niyə sevdiyini bilərsə, bunu da sevgi saymaq olmaz. Demək o, sevmir. Görünür insan niyə sevdiyini məhz bilməyəndə həqiqi sevgi yaranır. Deməli, əsl eşqin ana bətni - təmənnasızlıq, səmimilik, saflıq, ülvilik və alilikdir.
Əlbəttə, həyat sirlərlə doludur. Yaradan yaratdığının həyat ssenarisini elə yazır ki, ona nə isə əlavə etməyə heç kimin cürəti çatmır. İstəyirsən lap miladdan öncəyə, yəni Valentinin yanına getsən də xeyri yoxdur. Əsl sevgi ilahidən gələn sevgidir.
Bir də ki, niyə o qədər uzağa gedək, məgər bizə əziz olan İlham və Fərizənin eşq kitabının "müqəddiməsində" - Nişan mərasimində maşının şüşələrinin qırılması və cehizlikdəki suvenir şəklin şüşəsinin çatlaması, bu xoşbəxt cütlüyə əvvəlcədən göndərilən hansısa bir qüvvənin ismarıcı deyildimi?
İntihar etməyin günah olduğunu hamımız bilirik. Amma zənnimcə ilahidən verilən eşq uğrunda intihar etmək, elə Tanrı yolunda şəhid olmaq qədər ali sayılmalıdır.

Təəssüf ki, biz Fərizənin İlhama olan eşqini, Şirinin Xosrova olan eşqi qədər ucaltmağı, hələ ki layiqincə bacarmırıq. Məgər, Şirin öz sevgilisi Xosrova görə onun yaralandığı yerdən ürəyinə xəncər vuraraq intihar etmədimi?
Əlbəttə, zaman ötəcək, biz olmayan günlərdə gələcək nəsillər üçün bu cütlüyün hekayəti nağıllara dastanlara dönəcək. Aşıqlar dastan yazıb mağarlarda nəql edəcəklər. Nənələr isə - "biri vardı, biri yoxdu, keçmişdə İlham adlı bir igid və Fərizə adlı bir yaraşıqlı gəlin vardı. Onların toyu 30 iyun 1989-cu ildə olmuşdu", deyə nəvələrinə şirin-şirin nağıl danışacaqlar.
Yəqin ki, gələcək nəsillər onlara yad və çox uzaq olan tarixə tərəf boylanıb boyunlarını ağrıtmayacaqlar. Nə də ki, fevralın soyuğunda öz eşqlərini üşüdüb "soyutmayacaqlar." Əksinə, öz eşqlərini daha da alovlandırmaq üçün qızmar yay gününə üz tutacaqlar...
Məhəbbət tanrının zərgər işidir
Nə qədər danışsan bu dastan bitməz
Aşıq, köynəyinə qoyma bu sazı.
Sən ozan səsisən, bəlkə bilərsən -
De, necə yazılır bu qismət, yazı?
Nə desən gəl söylə susum qarşında,
Amma məhəbbətdən danışma aşıq.
İlham cəsarəti vətənə şöhrət,
Fərizə sevgisi elə yaraşıq!
Görsən, yanılıbdır bu böyük eşqə,
Bu kiçik nəğmədə ürəyim mənim -
Sıx sazı sinənə bir haray qopar,
Dağılsın ruhumdan dumanım çənim!
Ürəyim dolubdu, buludtək aşıq,
Gör neçə şəhiddə göz qaldı - getdi.
Gör neçə gözəlin nazı, qəmzəsi,
Gör neçə gəlinin gülüşü bitdi.
Məhəbbət tanrının zərgər işidir,
O, qoşa yaradır "üzüyü, qaşı."
Bütün nakamların billur eşqinin
Fərizə göz yaşı, İlham baş daşı... (M.A.)








