RU
Müğənnidən
13:29
25

Müğənnidən "KapitalBank"a ittiham: Faizlərimi götürə bilmirəm

Müğənni Məryəm Şabanova "Kapital Bank"la bağlı sərt tənqid paylaşıb.

Sənətçi özünün sosial şəbəkə hesabında adıçəkilən banka qoyduğu depozitin faizlərini götürə bilmədiyini bəyan edib.

Bu ilin 22 yanvarında faizlərin hər ay ödənilməsi şərti ilə rəqəmsal depozit açdığını deyən müğənni bildirib ki, fevral ayından etibarən müxtəlif əngəllərlə üzləşib: "Faizlər seçilmiş karta mədaxil olmadı. Çağrı mərkəzinə müraciət etdikdən sonra məlum oldu ki, pullar karta deyil, hesaba köçürülüb. Həmin vaxt problemi həll etmək mümkün oldu".

Mart ayında isə vəziyyətin daha da mürəkkəbləşdiyini deyən M.Şabanova problemlərin davam etdiyini vurğulayıb: "Martda faizlər nə karta, nə də hesaba daxil olmadı. Bank əməkdaşları köçürmənin baş vermədiyini təsdiqlədilər və 2–3 iş günü ərzində həll olunacağı vədini verdilər. Lakin o vaxtdan bəri 4 dəfə müraciət edilib, 4 dəfə zəng olunub, amma heç bir konkret cavab alınmayıb! Faktiki olaraq, 22 mart tarixindən 18 gün keçib (müğənni problem haqda 7 apreldə bildirib-red.) və problem hələ də həll olunmayıb".

M.Şabanova bankın etibarlılığını da sual altına alıb: "Əgər bank hətta depozit üzrə faizlərin vaxtında ödənilməsini təmin edə bilmirsə, bu, vəsaitlərin saxlanılmasının etibarlılığı barədə düşünməyə əsasdır. Uzun illərdir müştəri olmağıma baxmayaraq, hər ay pulların harada olduğunu araşdırmaq qəribədir".

Qeyd edək ki, məsələ ilə bağlı "Kapital Bank"ın mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab verilməyib./AFN.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ