"Müharibə olsa, bu artıq Aprel döyüşü yox, irimiqyaslı əməliyyat olacaq" - Polkovnik Şair Ramaldanov
"2016-cı ilin aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü sübut etdi. Baş verən döyüşlər Ermənistanın qələbə mifini qırdı”.
Bu sözləri BiG.AZ-a açıqlamasında deputat Aydın Mirzəzadə aprel döyüşlərindən danışarkən deyib. Deputat qeyd edib ki, aprel döyüşləri zamanı işğaldan azad edilən hissələr Azərbaycanın müharibəyə tam hazır olduğunu və böyük qələbələr qazanacağından xəbər verir:
"Bu günə qədər Ermənistan Azərbaycan qüvvələri üzərində qələbə qazandığını və Azərbaycanın heç bir zaman ona təzyiq göstərə bilməyəcəyini zənn edirdi. Döyüşlər birinci olaraq Ermənistanın qələbə mifini dağıtdı, ikincisi, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələrindən qüdrətli olduğunu və Azərbaycanın işğalda olan ərazilərin azad edilməsində daha qətiyyətli olduğunu göstərdi.
Həmçinin, hadisə Azərbaycan və Ermənistan cəmiyyətində tam əks səda verdi. Azərbaycanda bu dövlətçiliyimizin təntənəsi, əsgərimizin gücünü, qətiyyətini göstərirdisə, Ermənistanda bu, özlərinin yaratdıqları Ermənistan mifini darmadağın etdi. Ermənistan cəmiyyəti dövlətinin zəifliyini, Silahlı Qüvvələrinin bərbad vəziyyətdə olduğunu , komandirlərin səriştəsizliyini, dövlət vəsaitlərinin mənimsədildiyinin fərqində oldu. Eyni zamanda Ermənistan vətəndaşları hiss etdi ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün apardıqları mübarizə öz nəticəsini verir. Aprel döyüşləri zamanı 2 min hektar ərazinin işğaldan azad edilməsi həm də strateji yüksəkliyi götürməsi ilə nəticələndi. Bu isə Azərbaycanın qüdrətini, gələcəkdə danışıqlar nəticə verməsə, 3 il əvvəlkindən də böyük qələbələr qazanacağı qüdrətində olduğunu göstərir. Qeyd edim ki, beynəlxalq aləmdə də bizim mövqemiz dəstəkləndi, Ermənistan təkləndi.
Azərbaycan vətəndaşında dövlətinə bağlılıq daha da artdı. Qələbələrimiz xalq-hakimiyyət, xalq- ordu birliyimizin nəticəsində mümkün oldu. Eyni zamanda bu müddət ərzində də biz ordumuzun güclənməsi üçün addımlar atdıq. Ötən ilin may ayında Naxçıvandan Küncüt kəndinin və ətrafındakı 11 min hektar ərazinin işğaldan azad etməsi aprel döyüşlərinin əks sədası kimi qiymətləndirmək olar. Bu gün biz aprel hadisələrinin il dönümünü böyük ruh yüksəkliyi, ordumuza sevgi ilə qeyd edirik.
Ermənistan üçün vaxtaşırı xəbərdarlıqlar edilir. Əgər danışıqlar baş tutmursa, Ermənistan provakasiyalara əl atacaqsa öz cavabını alacaq. Son baş tutan danışıqlarda isə Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyi ilə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş müzakirələr aparıldı. Ermənistanın yeni rəhbərliyi Azərbaycan tərəfinin mövqeyindən nəticə çıxarmalıdır. Azərbaycanın bu məsələnin həlli üçün kifayət qədər imkanları, resursları vardır. Qonşu dövlətlər yalnız siyasi arenada Azərbaycanın mövqeyini dəstəkləməklə kömək edə bilər”.
702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov şanlı aprel döyüşlərinin əhəmiyyətindən söz açaraq, Azərbaycan ordusunun gücünün böyük qüvvəyə qadir olduğunun sübutu kimi şərh edib:
"Bilirsiniz ki, birinci Qarabağ müharibəsindən sonra uzun müddət atəşkəs dövrü idi. Bu dövr ərzində Azərbaycan Silahlı Qüvvələri formalaşır, təlimlər keçirilir, döyüş hazırlığı təkmilləşdirilirdi. Bütün bu hazırlıqların nəticəsini ancaq döyüş göstərə bilər ki, ordu və əsgər nə qədər hazırlıqlıdır. Aprel döyüşləri də bildiyiniz kimi, ermənilərin həmin ərazilərdə atəşkəsi pozmasına cavab idi. Bildiyimiz kimi, düşmən atəşi ilə yaşayış məntəqələrini təhlükə altında qalması, evlərin dağılması, dinc sakinlər arasında itkilərin olması döyüşlərə təkan verdi. Baxmayaraq ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edirdi, ancaq onlar buna məhəl qoymurdu. Ona görə də Azərbaycan Silahlı Qüvvələri təmas xəttində olan bölmələr tapşırıq aldılar ki, atəş açılan mövqeləri ələ keçirmək və üstünlüyü ələ almaq lazımdır. Bu tapşırığı da Silahlı Qüvvələrimiz qısa zamanda yerinə yetirərək, Talış istiqamətində və Horadiz istiqamətində Lələtəpə yüksəkliyini azad etdi. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sübut etdi ki, qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazırdır. 20 ildən yuxarı qurulan müdafiə xəttini yarmağa malikdirlər. Bizim Azərbaycan əsgəri bir daha göstərdi ki, vətəndən əziz heç nə yoxdur".
Polkovnik qeyd edib ki, aprel döyüşlərində Azərbaycan tərəfdən bir nəfər də olsun fərari olmayıb:
"Bunu ona görə deyirəm ki, Birinci Qarabağ müharibəsi zamanı bu məsələ çox ciddi şəkildə Azərbaycanın qarşısında durmuşdu. Ona görə əsgərlərimiz sanki bir sınaqdan keçdilər və göstərdilər ki, yüksək döyüş hazırlıqlarına malikdirlər.
Digər tərəfdən cəmiyyət sınaqdan keçdi. Müharibəni ordu ilə bərabər həm də xalq aparır. Xalq vətən üçün öz prezidentinin ətrafında bir yumruq kimi birləşərək dəstək oldular. Artıq müharibəyə hazır olduqlarını sübut etdilər. Mən deyərdim ki, bizim gənclər sınaqdan keçdi. Çünki gənclərin böyük əksəriyyəti Birinci Qarabağ müharibəsindən sonra doğulan yeni nəsil idi. Onlar müharibə görməmişdi, lakin sübut etdilər ki, döyüş hazırlıqları yüksək səviyyədədir. Hətta təmas xəttindən kənarda olan gənclərin də daxildə olan vətənpərvərlik alovu onları əllərində bayraq küçələrə çıxaraq əsgərlərimizə ordumuza dəstək formasında özünü göstərdi. Düşünürəm ki, Azərbaycan dövləti, xalqı, ordusu öz vəzifəsini yerinə yetirməyə hazır olmasına aprel döyüşləri ən bariz nümunə idi”.
Polkovnik tərəflərin sonuncu Vyana görüşünə münasibət bildirərək qeyd edib ki, müharibə hər an aktiv fazaya keçə bilər:
"Əgər müharibə olarsa bu artıq aprel döyüşü yox, irimiqyaslı əməliyyat olacaq. Bunu hər an gözləmək olar. Bu haqda Azərbaycan Respublikası prezidenti öz sözünü deyib. Bizə seçim qoymasalar, məcbur olsaq nəyin bahasına olursa olsun öz torpaqlarını almağa qadirdir. Bu, birbaşa Silahlı Qüvvələrimizə olan tapşırıqdır və buna əsasən də vəzifələrini yerinə yetirirlər. Ona görə də müharibə hər an aktiv fazaya keçə bilər. Düşünürəm ki, əgər Ermənistan konstruktiv mövqe istiqamətində inkişafını göstərməsə məqam yetişəndə biz bu əmri alacağıq”.
Ş.Ramaldanov bildirib ki, müharibə olacağı təqdirdə Türkiyə, Pakistan kimi qonşu dövlətlər həmişə Azərbaycana dəstəkdir:
"Ümumiyyətlə, Türkiyə və Pakistan ən yaxın və açıq dəstək bildirən dövlətlərdir. Xüsusilə Türkiyə Birinci Qarabağ müharibəsində bizimlə olub, həm Silahlı Qüvvələrin formalaşmasında yaxından iştirak edib və edir. Bizim birgə proyektlərimiz və təlimlərimiz var. Biz birgə fəaliyyət göstəririk. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, "Biz bir millət iki dövlətik”. Biz də bu prinsipə həmişə sadiqiq. Azərbaycan və Türkiyə ordularının fəaliyyəti buna sübutdur. Hazırda Pakistan da buna aktiv münasibət göstərir. Lakin düşünürəm ki, hazırda nə Türkiyə, nə də Pakistanın sırf real formada hərbi yardımına bizim ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Silahlı Qüvvələri olduğu güc və imkanları ilə qarşıdan qoyulan tapşırığı yerinə yetirməyə qadirdir. Sadəcə, beynəlxalq hüquq normalarını, öhdəlikəri müəyyən şəkildə gözləməliyik. Məqam yarananda biz öz sözümüzü deyəcəyik. Türkiyə və Pakistan sadəcə siyasi arenada müəyyən şəkildə Azərbaycan sözünü deyən, dəstəkləyən dövlərdir. Ona görə də biz beynəlxalq arenada digər təsirlərə bu faktorlardan faydalanaraq cavab verəcəyik".