RU
Ümummilli lider və milli-mənəvi dəyərlərimiz
15:03
892

Ümummilli lider və milli-mənəvi dəyərlərimiz

"Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".

Ümummilli lider Heydər Əliyev
 
 
Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özü- nüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması, xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.
 
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.
 
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir. Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlamasıdır. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.
 
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı.
 
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
 
Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
 
Milli-mənəvi dəyərlər nədir?- "Mənəvi dəyərlər” insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir.
 
Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir.
 
Xalqımızın böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir.
 
"Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən ümummilli liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.
 
Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi bugün hər bir ölkə vətəndaşı üçün əsas istiqamətlərindən biri olmalıdır. /kaspi.az
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ