"1996-Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri fikrimcə, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə elə də müsbət təsir göstərməyəcək. Və burada bizim Rusiyaya yanaşmamız yox, vasitəçi olaraq Rusiyanın bizə yanaşması, regionda yeritdiyi siyasət belə deməyə əsas verir”.

Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Baxın, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Azərbaycanla Ermənistan arasında normallaşma prosesində kimləri vasitəçi gözündə gördüyümüz və onlardan hansına üstünlük verib-verməməyimizlə bağlı mühüm olduğu qədər də qətiyyətli və təsbitlənmiş bir mövqe ortaya qoydu. Vasitəçi olaraq biz ABŞ, Avropa Birliyi və Rusiyanı görürük.
Ermənistanın mövqeyi isə fərqlidir. O, vasitəçilərin arasında Fransanı da görmək istədiyini gizlətmir. Amma hətta haylar da "böyük bacı”nın təkbaşına vasitəçiliyinin nə qədər absurd görünəcəyini dərk etdiklərindən Fransa Prezidentinin heç olmasa Avropa Birliyinin xətti ilə keçirilən danışıqlarda yer almasına çalışırlar. Paşinyan ötən ilin dekabrında planlaşdırılan Brüssel görüşündən də ona görə imtina etmişdi ki, Azərbaycanın qarşısını alması səbəbindən Prezident Makron ora qatıla bilməyəcəkdi. Amma Makronla Paşinyanın Fransanın Azərbaycan-Ermənistan danışıqlarında yer almasına yönəlmiş səyləri, daha dəqiqi canfəşanlıqları heç bir nəticə vermədi. Münxendə cənab İlham Əliyev açıq şəkildə bildirdi ki, Avropa Birliyinin xətti ilə keçirilən format üçtərəflidir, orada dördüncüyə, yəni Fransaya yer yoxdur və artıq onunla bağlı "ümumi bir anlaşma vardır”. Bu o demək idi ki, ABŞ da Azərbaycan Prezidentinin mövqeyi ilə razılaşdığından Paşinyan danışıqlarda Makronla cüt boy göstərə bilməyəcəyini anlayıb.
Ermənistandan fərqli olaraq Azərbaycan Faransanı vasitəçi gözündə görmədiyi kimi, vasitəçilərdən hər hansı birinə üstünlük də vermir və hətta verirsə belə onu açıq göstərmək fikrində deyil ki, bunun da səbəbini izah etməyə ehtiyac yoxdur. Bizim üçün önəmli olan kimin vasitəçiliyi ilə olursa-olsun, tezliklə Azərbaycanla Ermənistan arasında beynəlxalq normalara dayanan sülh anlaşmasının bağlanmasıdır. Dövlət başçımız bununla bağlı Münxendə dediyi kimi "iki ölkənin razılığa gəlməsinə kim kömək edərsə, çempion medalını o qazanacaqdır”.
Rusiyanın belə bir niyyəti varmı? Yəni Moskva istəyirmi ki, Azərbaycanla Ermənistan arasında tezliklə sülh anlaşması imzalansın. Təssüf ki, mən bu suala nikbin cavab vermək olmur. Çünki Rusiya Xarici İşlər Nazirliyinin təmsilçilərinin Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasına yönəlik fikirlərində kommunikasiyaların açılması, delimitasiya, humanitar xarakterli addımlar və ünsiyyətlərdən sonra sülh anlaşmasından bəhs edilir. Bu sıralanma təkcə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamalarında gözə dəysə idi, orada sülh anlaşmasından lap sonda bəhs edilməsinə elə də diqqət yetirmək lazım gəlməyəcəkdi. Ancaq Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlamalarında da sıralanmanın eyni şəkildə olduğunu görürük. İndi isə onun fevralın 23-də TASS agentliyinə verdiyi intervüdə dediklərinə diqqət yetirin: "Sülhə aparan yolda əngəllər çoxdur. Ermənistan ilə Azərbaycan arasında münaqişənin tarixi kökləri var. Bu münaqişəni qəti nizamlamaq üçün vaxt və səbir lazımdır, qarşılıqlı etimad yaradılmasına aparan ikitərəfli razılaşmaların etibarlı və davamlı olmasını təmin edən şərait formalaşmalıdır. Rusiya məhz bu hədəfi seçib”.
Cənab Qaluzin çox doğru bildirir ki, sülhə aparan yolda əngəllər çoxdur. Amma bu əngəli yaradanlar ilk növbədə guya sülh üçün çalışdıqlarını deyənlər özləridir. Məsələn, kim bilmir ki, Ruben Vartanyan Qarabağa heç də Rusiya xarici işlər nazirinin müavininin sülh üçün tələb olunduğunu vurğuladığı o "etibarlı və davamlı şəraiti” yaratmaq üçün deyil, buna yol verməmək üçün göndərilmişdi. Münxendə cənab İlham Əliyev ikinci Qarabağ savaşından sonra Ermənistanda keçirilən seçkilərdə Paşinyanın qələbə çalmasını seçicilərin sülh istəkləri, sülh mandatı kimi qiymətləndirərkən də nəzərə çatdırırdı ki, iki ölkə arasında normallaşma prosesinin ləngiməsi heç də oradakıların dirənişindən qaynaqlanmır. Bu, başqa dövlətlərin Paşinyana diqtəsindən irəli gəlir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərində məqsəd ölkəsini Prezident İlham Əliyevin dediyi sayaq çempion etməkdirsə, bizim üçün fərqi yoxdur, buyursun. Sülhə maneçilk törədən "əngəllər”i aradan qaldırmaq əzmində olduqlarını göstərsin. Bu yöndə ilk addımlardan biri Vartanyanın çox tezliklə Xankəndindən yenə də gizli yolla, amma birdəfəlik çıxarılması olardı. Lavrov yəqin Azərbaycan Prezidentinin o dələduz haqqındakı son açıqlamasıyla tanışdı. Tanış deyilsə xatırladaq: "Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”.
Dövlət başçımızın ABŞ-ın da anlayışla qarşıladığı hiss olunan bu tələbindən sonra Vartanyan vəzifədən çıxarılsa da, hələ də Xankəndindədir və oradan getməyəcəyini deyir. Ona görə deyir ki, bu ünsürü Qarabağa "ixrac edənlər”dən hələ oranı tərk etmək əmri almayıb. Əmr verməməklə isə Moskva Qarabağdakı hay icmasının Azərbaycana tezliklə reinteqrasiyasında və regionda sülhün əldə edilməsində maraqlı olmadığını ortaya qoyur. Moskva maraqlı olmadığını ortaya qoyursa, alternativlər də yox deyil. Qarşıda Brüssel görüşü var.

Onun anonsunu ABŞ Dövlət Departamentinin verməsi isə o deməkdir ki, növbəti danışıqlar məhz Münxendəki üçtərəfli görüşdə qaldırılan məsələlər ətrafında gedəcək. Onlardan da biri Prezident İlham Əliyevin Laçın yoluyla Zəngəzur dəhlizində Azərbaycanla Ermənistanın nəzarət-buraxılış məntəqələrinin qoyulmasıyla bağlı irəli sürdüyü təklifdir. Bu təklifin İqor Xovayevin regiona səfəri və Vladimir Putinlə telefon danışıqlarından sonra irəli sürülməsi, ümumiyyətlə, proseslərin gedişi göstərir ki, çempion ABŞ olacaq. Baxarıq.”
Cavid Məhərrəmov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4








