Birləşmiş Ərəb Əmirliyi hökuməti Roma Papası Fransiskin Abu-Dabinin mərkəzində keçirdiyi messada (xristian ayini – red.) 180 minə yaxın insanın iştirak etdiyini açıqlayıb.
Vatikan hökumətinin sözçüsü Alessandro Cisotti Zayid Sports City stadionunda keçirilən ayin üçün 135 min biletin paylandığını bildirsə də, "üstü açıq” papamobildə gələn pontifiki görmək üçün minlərlə insanın stadion ətrafında toplaşdığını söyləyib. İzdiham Roma Papasının gəlişini "Yaşasın Papa!”, "Biz sizi sevirik” şüarları ilə qarşılayıb.
Təşkilatçıların dediyinə görə, 100 ölkədən olan xristianlarla yanaşı, messada müsəlmanlar da yer alıb. Roma Papası messanı italyan dilində aparıb, dedikləri altyazılar şəklində ərəb və ingilis dillərinə tərcümə olunub.
Bu, Roma Papası Fransiskin İslamın beşiyi olan Ərəbistan yarımadasına ilk səfəri sayılır. Kütləvi ayindən sonra pontifiki aeroportda şəxsən vəliəhd şahzadə şeyx Məhəmməd bin Zəyid Əl Nəhyan, yerli hökumət nümayəndələri və dini xadimlər yola salıb.
Qeyd edək ki, doqquz milyon əhalisi olan Birləşmiş Ərəb Əmirliyində bir milyona yaxın katolik yaşayır.
7News.Az








