Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində Su Ehtiyatları Agentliyi içməli və tullantı su sistemlərinin qurulması, yenilənməsi üzrə tikinti-quruculuq işlərini plan üzrə davam etdirir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu görülən işlərlə bağlı məlumat verərək bildirib ki, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisinə başlayıb. Layihə çərçivəsində Müşviqabad hövzəsində gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.
Layihəyə uyğun olaraq qurğunun bir sıra əsas və yardımçı hissələrinin tikintisi tamamlanıb, iri barmaqlığın qurşaq tirlərinin betonlama prosesi yekunlaşıb və hazırda son mərhələ olaraq qazıntı işləri aparılır. Kiçik barmaqlıq qurğusu üzrə qazıntı artıq başa çatdırılıb.
Havalandırma sistemli qum və yağ tutucuda döşəmənin inşası tamamlanıb, divarların dəmir-betonla hörülməsi davam etdirilir.
Blover binasının bünövrəsi tökülüb, sütun və divarların tikintisi icra olunur. Mexaniki cihaz binası yüksək həcmdə tullantı qazları orta təzyiqlə nəqletmə funkasiyasını daşıyır. Biosfor hovuzunun su bölüşdürücüsündə döşəmə betonunun tikintisi başa çatıb.
Havalandırma hovuzunda qazıntı aparılır, eyni zamanda sağlamlaşdırıcı lay üzrə qaya dolğusu vurulur. Lil susuzlaşdırma qurğusunda bünövrənin tökülməsi, emalatxana, inzibati, gözətçi binalarının betonlama prosesi yekunlaşıb. Tullantı sutəmizləyici qurğunun enerji təminatı üçün nəzərdə tutulan elektrik yarımstansiyası binasının inşasına başlanılıb.
Sutəmizləyici qurğuda təmizlənən tullantı suları ultrabənövşəyi şüalardan keçərək sənaye məqsədləri üçün istifadəyə yararlı vəziyyətə gətirilərək müvafiq qaydada yönləndiriləcək.
Ümumi uzunluğu 18.9 kilometr olan Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsi mikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiya kollektorudur. Bundan əlavə inşa olunacaq 30 şaxtanın 6-da işlərə başlanılıb.
Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə, həmçinin Ceyranbatan Su Anbarının ətrafında formalaşan qrunt sularının tənzimlənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.
Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi əməl olunur.
Mətbuat katibi həmçinin onu da diqqətə çatdırıb ki, layihələr yeni infrastrukturun formalaşdırılmasına, mövcud şəbəkələrin təkmilləşdirilməsinə, onların ötürücülük qabiliyyətinin artırılmasına yönəlib. Bununla yanaşı, tullantı sularının fasiləsiz daşınması təmin ediləcək, subasma riskləri azalacaq və sistemlərin istismar səviyyəsi daha da yüksələcək.
Görülən işlər tullantı sularının daha müasir və təhlükəsiz şəkildə təmizlənməsinə, ekoloji mühitin qorunmasına, əhalinin kommunal xidmətlərə çıxışının yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bu tipli layihələrin tam başa çatdırılması Bakı və Abşeron yarımadasında su və kanalizasiya infrastrukturunun dayanıqlı, səmərəli fəaliyyətinin təminatına xidmət edir.











