RU
“Naqif Həmzəyev Məmməd Əmin Rəsulzadəni təhqir etməyib”
14:04
1605

“Naqif Həmzəyev Məmməd Əmin Rəsulzadəni təhqir etməyib”

Vüsalə Hüseynli: “Təəssüf edirəm ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı söhbəti təhrif edərək ucuz sensasiya yaratmağa çalışıb”.

“Millət vəkili Naqif Həmzəyevin Məmməd Əmin Rəsulzadəni guya təhqir etməsi və onun barəsində aşağılayıcı fikirlər söyləməsi barədə musavat.com saytında yayımlanmış materialda jurnalistika prinsiplərinə zidd olan ciddi təhriflərə yol verilib. Məqalənin müəllifi Xalidə Gəray bizim layihəmiz çərçivəsində jurnalistlərin Gəncə səfərində iştirak edib və onunla millət vəkili Naqif Həmzəyev arasında sözügedən məsələ barədə həqiqətən də dialoq olub. Lakin Xalidə Gəray söhbəti tamamilə təhrif edərək, millət vəkilinin işlətmədiyi ifadələri onun adına yazıb və bununla da ictimaiyyətdə çaşqınlıq yaradacaq davranışa yol verib”.

Bunu bir qrup jurnalistin Gəncəyə səfərini təşkil etmiş “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli musavat.com-a yolladığı məktubunda yazır. O, qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyləşdirdiyi “Səfir olsaydım, Azərbaycan necə təmsil edərdim” adlı layihə üzrə Gəncədə keçirilmiş tədbirdə “Yeni Müsavat” qəzetinin əməkdaşı ilə millət vəkili Naqif Həmzəyev arasında musavat.com-da təqdim olunmuş şəkildə hər hansı dialoq olmayıb: “Məqalə həmin dialoqun ruhuna tamamilə ziddir. Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və millət vəkilinə qarşı açıq qərəz nümayiş etdirib. Təəssüf edirəm ki, yüksək mədəniyyətlə qarşılanmış jurnalist xanım ucuz sensasiya xatirinə belə bir davranışa yol verib”.

Redaksiyadan: Hörmətli Vüsalə xanımın mövqeyini, yazısındakı bütün qüsurları, kasad azərbaycancasını redaktə və islah edərək, dərc etməklə bərabər, onun bizə jurnalistika dərsi keçməsini də anlayışla qarşılayırıq. Futbolçuların və jurnalistlərin taleyi belədir: hamı kənardan “topu” necə vurmağı qışqırır, bəzən söyür; lakin təbii ki, onların özlərinin topu, klaviaturanı işlətməsi qətiyyən peşəkar deyil.

Redaksiya bəyan edir ki, müxbirin təqdim etdiyi yazı yoxlanıb, onun həqiqiliyini məhkəmədə sübut edə biləcək dəlillərə malikik, yazdıqlarımızın arxasındayıq, bunun əksini iddia edib, bizi yalanda suçlayanlar özləri yalançının təkidirlər. Bir məmura, hər hansı bir layihəyə görə milli dəyərlərdən, Azərbaycana dövlət quran kişilərin təhqir olunmasından vicdansızcasına keçənlər, buna susanlar üstümüzə gəlsələr, peşman olacaqlar./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ