RU
NATO-dan Rusiya ilə bağlı önəmli açıqlama
10:00
1115

NATO-dan Rusiya ilə bağlı önəmli açıqlama

NATO Rusiya qoşunlarının Suriyadan çıxarılmasını alqışlayıb.

7News.az xəbər verir ki, Əfqanıstanda səfərdə olan baş katib Yens Stoltenberq bəyan edib ki, bu addım Suriya böhranının daha çox qan tökülmədən həllinə kömək edə bilər. O qeyd edib ki, Rusiyanın sürpriz qərarının fəsadları barədə danışmaq hələ tezdir.

Böyük Britaniyanın Xarici İşlər naziri Filipp Hammmondun Rusiya barədə açıqlamaları isə sərt olub. Palatada çıxışı zamanı o bildirib ki, Rusiya prezidenti Vladimir Putini qoşunları Suriyadan çıxardığına görə alqışlamaq lazım deyil. İnglis diplomat Putinin qərarını xanımını döyən ərin əməliylə müqayisə edib:

“Kimsə başqa bir ölkəyə gedir, mülki əhalini bombalamağa başlayır, xəstəxana və məktəbləri məhv edir. Əgər 5 aydan sonra belə qənaətə gəlirlərsə ki, kifayət qədər iş görüblər, onda gəlin onları bu qədər alqışlamayaq. Bu, xanımını döyən ərin ona daha əl qaldırmamasına oxşayır”.

Hammondun sərt açıqlamalarına Rusiyanın cavabı özünü çox gözlətməyib. Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova feysbuk səhifəsindən ingilis diplomata belə cavab verib:

"Cənab Hammond, bu sizin şəxsi təcrübənizdəndir? Yoxsa, yenə düzgün tərcümə eləməyiblər?".

Bu arada, Suriya prezidenti Bəşər Əsədin informasiya və siyasi məsələlər üzrə köməkçisi Buseyn Şaaban "Əl-Mayadin" telekanalıma müsahibəsində bildirib ki, Rusiyanın Suriyadan qoşunlarını çıxarması Dəməşq üçün gözlənilməz olmayıb. Çünki, bu qərar verilməzdən əvvəl Moskva ilə Dəməşq ətraflı məsləhətləşmə aparıb.

Rusiya qoşunları Suriyaya qayıda bilərmi? Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu sualına qısa və konkret cavab verib. O deyib ki, qoşunları göndərməklə bağlı qərar vermək səlahiyyəti dövlət başçısına məxsusdur.

Dövlət Dumasının sədri Sergey Narışkinin açıqlamaları isə Qərb dövlətlərini məyus edə bilər. O bəyan edib ki, Rusiya İŞİD və “Cebat-ən-Nusra” kimi terrorçu qruplaşmalara hava zərbələrini davam etdirəcək.

Suriyanın hökumət qüvvələri terrorçulara qarşı əməliyyatları davam etdirir. Ordu Palmira şəhərinin bir addımlığındadır. Şəhərin azad edilməsi Suriya qoşunlarına Hums şəhərinin şərq hissəsini, Deyr-əz-Zura gedən magistral yolu və həmçinin İraqla sərhəddi nəzarətə götürməyə imkan verəcək. Hazırda bölgə uğrunda şiddətli döyüşlər davam edir. Suriya təyyarələri İŞİD mövqelərinə davamlı zərbələr endirir. Hökumət qüvvələri Əl-Xəyyal strateji yükləkliyi ələ keçirə bilib. Terrorçular mövqelərini Rakkaya doğru çəkib.

Qeyd edək ki, əməliyyatların uğurlu alınmasında ordunun Vadi-ət-Tim neft yatağıyla Əl-Mayadin şəhərini birləşdirən yolu bağlaması əhəmiyyətli rol oynayıb. Qoşunlar burada İŞİD-in nəzarətində olan qazpaylayıcı stansiyanı və texnoloji institutu mühasirəyə alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ