RU
Nazir: Əmək haqqları 5-6 dəfədən çox artıb
15:40
542

Nazir: Əmək haqqları 5-6 dəfədən çox artıb

“Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat ayrılıb”.

Son 12 ildə 3-4 dəfə iqtisadi artım əldə olunub,  milli iqtisadiyyata 200 milyard dollar investisiya qoyulub, respublikada özəl sektorun və regionların inkişafı, müasir infrastrukturun yaradılması, aqrar sahənin canlanması şəraitində iqtisadiyyatın şaxələndirilməsi prosesləri uğurla həyata keçirilib.

7News.Az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümov Kürdəmir sakinləri ilə görüşündə bildirib. 

“Qeyd olunan dövrdə əhalinin gəlirləri 7 dəfə, adambaşına gəlirlər 6 dəfə, orta aylıq əməkhaqqı 5-6 dəfədən çox artıb. 70 mindən çox müəssisə və 1,5 milyon iş yeri açılmaqla əmək bazarında sabitlik əldə edilib”, - deyə nazir əlavə edib. 

Nazir bildirib ki, bu gün ölkə əhalisinin 23%-i pensiya, sosial müavinət və Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunur: 

“Ötən il də bütün sosial proqramlar uğurla davam etdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu dövrdə 112 663 aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı, 463 min nəfərədək şəxs aylıq və birdəfəlik sosial müavinətlə, 54,6 min nəfərdən çox insan Azərbaycan Prezidentinin aylıq təqaüdü alıb. 

Bundan başqa, 15 min nəfər səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edilib. 

Həmçinin keçən il 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili, 281 müharibə əlilli və şəhid ailəsinə mənzil verilib. Gözdən əlil şəxslərə 132 mənzilli, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim edilib.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin müəyyən qədər artdığı nəzərə alınaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 25 yanvar 2016-cı il tarixli Sərəncam imzalanıb ki, bununla da ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat ayrılıb”.
 
Nazir, həmçinin işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində tədbirlərin gücləndirildiyini diqqətə çatdırıb:

“Dövlət başçısının tapşırığına uyğun olaraq dövlətə məxsus şirkətlərdə vakant iş yerləri yaradılmaqdadır. Müsbət haldır ki, ayrı-ayrı özəl şirkətlər də artıq bu prosesə qoşulublar. Yaradılan iş yerlərinə işçilərin qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğuluq orqanları tərəfindən həyata keçiriləcək.

Digər tərəfdən, biz artıq respublikada cari il üçün Əmək yarmarkalarının keçirilməsinə başlamışıq. Bütün şəhər və rayonlarda, o cümlədən Kürdəmir rayonunda bu tədbirlər keçiriləcək.

Ödənişli ictimai işlər təşkil olunacaq, işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnmələri üçün zəruri addımlar atılacaq. Yəni işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması üçün bütün mümkün tədbirlər görüləcək”, - deyə nazir qeyd edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ