27-28 fevral 2017-ci il tarixdə Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM çərçivəsində gənclər və idman məsələləri üzrə işçi qrupunun ilk iclası keçirilmişdir. İclasda Azərbaycan, Gürcüstan, Ukraynadan olan nümayəndələr həmçinin Azərbaycan, Gürcüstan və Moldovanın Ukrayna Respublikasındakı akkreditə olunmuş səfirləri və səfirlik əməkdaşları iştirak edirdilər.
İclasın açılışında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın baş katibi Altay Əfəndiyev çıxış edərək tədbir iştirakçılarını salamladı və iclasın gündəliyində olan məsələlər haqqında məlumat verdi.
Gündəliyə əsasən Ukraynanın gənclər və idman nazirinin müavini Nikolay Movchan çıxış etdi. O, Ukraynada həyata keçirilən dövlət gənclər siyasəti, gənclər sahəsində olan mövcud qanunvericilik, gənclər mərkəzlərinin yaradılması və s. haqqında məlumat verdi. Sonra Ukrayna Ali Radasının deputatı İvan Krulko çıxış edərək GUAM-ın uğurlu fəaliyyətindən danışaraq GUAM çərçivəsində hazırlanacaq 2017-2018-ci illər üçün Tədbirlər Planına idman səhəsində həyata keçiriləcək tədbirlərlə bağlı təkliflər verdi.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycanda gənclər evlərinin fəaliyyəti, gənclər siyasəti ilə bağlı dövlət proqramları, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, eləcədə könüllülük hərəkatı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı.
Daha sonra Gürcüstanın gənclər və idman nazirinin müavini Revaz Javelidze və Moldova Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Ruslan Bolboçan hər iki ölkədə mövcud gənclərlə bağlı qanunvericilik, gənclər siyasəti və idman üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı məlumat verdilər.
Təsdiq olunmuş gündəliyə əsasən gənclər və idman sahələrində əməkdaşlıq istiqamətləri, 2017-2018-ci illər üçün Tədbirlər Planı müzakirə edildi və yekun Protokol imzalandı.
İclasın sonunda GUAM çərçivəsində gənclər və idman məsələləri üzrə işçi qrupunun növbəti iclasının 19-20 oktyabr 2017-ci il tarixdə Kiyev şəhərində keçirilməsi haqqında qərar qəbul edildi.
Səfər çərçivəsində Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək üçün Ukrayna gənclər və idman nazirinin birinci müavini İqor Qotsul və nazir müavinləri Yaroslav Voytoviç və Aleksandr Yarema ilə görüşlər keçirilmişdir.
7News.az










