Yaponiya parlamentinin deputatları təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması işləri üzrə naziri Çeusi Taqakidən ona qarşı alt paltarı oğurlamaqla bağlı irəli sürülən ittihamları izah etməyi tələb edib.
AzVision.az “JapanToday”-ə istinadən xəbər verir ki, nazir Yaponiya parlamentinin yuxarı palatasının iclasında çıxışı zamanı bu ittihamlara münasibət bildirib.
Portal vurğulayır ki, Taqaki ətrafında qalmaqal onun nazir postunu tutmasında sonra başlayıb. Seçki qanunlarını pozmaqda şübhəli bilinən naziri, bu dəfə ölkədə fəaliyyət göstərən həftəlik jurnallardan biri 30 il əvvəl gənc qadının evinə daxil olaraq “alt paltarına bənzər” bir əşya oğurlamaqda ittiham edib.
Məqalədə qeyd olunur ki, gənc Taqaki polisdə sorğu sual edilsə də, o cəzadan yayına bilib.
Televiziyalarla canlı yayımlanan iclas zamanı deputatlardan biri oğurluq barədə nazirə sual verib.
Taqaki öz növbəsində bu ittihamları rədd edib. O, bildirib ki, “bunların heç biri” doğru deyil: “Bu cür şayiələr həmişə seçkiöncəsi peyda olur. Amma mən bunun səbəbini bilmirəm”.








