“Şəhid ailələrinin təminatı ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində kifayət qədər maddələr, müddəalar var. Cənab Prezident tərəfindən də vaxtında böyük təqaüdlər təyin olunub. Bu gün Prezident təqaüdü 2636 Qarabağ müharibəsi əlillərinə, 13187 Qarabağ şəhidi ailələrinə verilir”. Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı şəhid olmuş yaxud da sağlamlığını bir hissəsini itirmiş qəhrəman övladlarımızın maddi təminatı qanunvericiliyə uyğun şəkildə hərtərəfli şəkildə təmin olunacaq: “Onlara Prezident təqaüdlərinin, müvafiq pensiya və müavinətlərin verilməsi, mənzil növbələrinə götürülərək mənzillərlə, maşınlarla və digər vasitələrlə təmin olunması və s. digər tədbirlər həyata keçiriləcək. Bunlarla bağlı problem ola bilməz. Sadəcə olaraq gözləməliyik ki, rayon icra hakimiyyətləri şəhid adının əbədiləşdirilməsi ilə bağlı müvafiq qanunvericiliyə uyğun olaraq həmin ailələrə şəhid ailəsi statusu verərək siyahıları nazirliyə təqdim etsin”.
Səlim Müslümov qeyd edib ki, hazırda hospitallarda müalicə keçən qəhrəman oğullarımızın tam şəkildə sağalması üçün bütün işlər görülür: “Cənab Ali Baş Komandanın da bu barədə xüsusi göstərişləri var. Onlarda hər hansı qüsur qalarsa, mövcud qanunvericiliyə müvafiq olaraq əlillik qrupları müəyyən edilərək lazımı təminat tədbirləri həyata keçiriləcək”./Sia
7News.Az








