Təhsil sənədlərinin tanınması üzrə 2015-ci ildə Təhsil Nazirliyinə 4714 müraciət daxil olub.
7News.Az xəbər verir ki, Təhsil Nazirliyinin 2015-ci il üzrə illik hesabatında bildirilir ki, 1224 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması, 571 şəxsin ali təhsil haqqında sənədlərinin tanınmaması barədə qərar qəbul olunub. 2919 müraciət baxılma mərhələsindədir.
Hesabat dövrü ərzində 25 təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib ki, onlardan 16-sı məktəbəqədər, 3-ü ümumi, 2-si əlavə, 4-ü ali təhsil müəssisəsidir.
Ötən il Təhsil Nazirliyi tərəfindən 9 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib, 1 ümumtəhsil, 1 internat, 2 orta ixtisas, 1 ali təhsili müəssisəsi əsaslı təmir edilib. Hazırda 23 təhsil müəssisəsində əsaslı tikinti və təmir işləri davam etməkdədir. 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri və 112 təhsil müəssisəsində kommunikasiya işləri başa çatdırılıb, 12 təhsil müəssisəsi qazlaşdırılıb. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi istiqamətində 50 məktəbdə müasir laboratoriya yaradılıb və tam təchiz edilib.
Bundan başqa Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli Qərarına əsasən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində “Məzun evi” Sosial Müəssisəsi yaradılıb, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunları içərisindən 124 nəfər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənc barədə məlumatlar hazırlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Siyahı əsasında onlar “Məzun evi”ndə mənzillə təmin olunublar.
Hazırda rayonlarda fəaliyyət göstərən ümumtəhsil internat məktəblərinin yalnız təhsil və günərzi xidmətlərindən istifadə edən şagird kontingenti barədə ətraflı məlumatların toplanması ilə bağlı monitorinqlər keçirilib və həmin müəssisələrin transformasiyası ilə bağlı müvafiq təkliflər hazırlanıb.
Dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq, indiyədək 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi ləğv edilib. 2015-2016-cı tədris ilində daha 16 internat məktəbinin transformasiya olunması ilə bağlı müvafiq tədbirlər görülür.








