"Marneulidəki Ədliyyə evində Azərbaycan dilində xidmət göstərmək qadağan deyil”.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin "24news.ge” xəbər portalının sorğusuna cavabında bildirilib.
Qeyd olunub ki, Gürcüstandakı dövlət müəssisələrində xidmət dövlət dilində - gürcü dilində aparılır, bununla belə gürcü dilini bilməyən şəxslərə rus və ingilis dillərində xidmət göstərilir.
Diqqətə çatdırılıb ki, Nazirlik Ədliyyə evinin operatorlarını vətəndaşlarla Azərbaycan dilində danışmağa nə məcbur, nə də qadağan edir.
"Bu dildə xidmət göstərilməsinə operatorun özü qərar verməlidir. Əgər o, Azərbaycan dilini bilirsə, bu dildə xidmət göstərə bilirsə, bu zaman qərar onun özündən aslıdır", - qurumdan bildirilib.
Qeyd edək ki, Marneulidəki Ədliyyə evində etnik azərbaycanlı Gürcüstan vətəndaşına Azərbaycan dilində danışdığı üçün irad tutulması ilə bağlı xəbər yayılıb. Xəbərə görə, Marneuli sakini Malik Ağayev ötən gün "COVID” pasportu əldə etmək üçün Ədliyyə evinə müraciət edib. Lakin o, dövlət dilini bilmədiyindən Ədliyyə evinin etnik azərbaycanlı əməkdaşı ilə Azərbaycan dilində danışmaq istəyib. Bu zaman Ədliyyə evinin əməkdaşı M. Ağayevə rus dilində cavab verib və ona Ədliyyə evində Azərbaycan dilində danışmağa icazə verilmədiyini bildirilib. Hadisə sosial şəbəkələrin azərbaycandilli seqmentində geniş müzakirələrə səbəb olub.
7NEWS.Az








