Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun müsahibəsi:
“Bu gün gördüyümüz işlər bizi tam qane etmir”
Raqif müəllim, məlum olduğu kimi, Azərbaycan artıq yüksək səviyyəli yarışların keçirildiyi bir məkana çevrilib. Sonuncu dəfə isə I Avropa Oyunlarını buna nümunə göstərmək olar. Bilirik ki, növbəti illərdə də, ölkəmizdə bir çox idman yarışları baş tutacaq. Sizcə, Azərbycan bu dəfə də öz təcürbəsi ilə dünyanı təəcübləndirə biləcəkmi?
-I Avropa Oyunları artıq tarixə qovuşdu və bu oyunların keçirilməsi Azərbaycan üçün böyük bir təcrübə oldu. Əvvəla, Azərbaycan son illər fərdi və təkmübarizlik komanda idman növləri üzrə ayrı-ayrı yarışlar keçirirdi. Lakin kompleks yarışlar ilk təcrübəmiz idi. Birmənalı olaraq, istər Beynəlxlaq Olimpiya Komitəsi, istərsə də, Avropa Komitəsi, istər ayrı-ayrı olimpiya hərəkatının üzvü olan beynəlxalq federasiyaların rəsmiləri və qeyri-olimpiya federasiyalarının rəhbərləri I Avropa Oyunlarının təşkilatçılığına çox yüksək qiymət verdi.
Məlumdur ki, Azərbaycan idman sahəsində uzun illik tədbirlər planını hazırlayıb. Bu və ya digər beynəlxlaq yarışa ev sahibliyi etmək hüququ isə yarışın keçirilməsindən bir neçə il öncə təsdiqlənir. Bu öhdəliyi qazandığımız yarışlar bizim üçün böyük stimuldur. Belə ki, istər Qranpri Formula 1 yarışlarının mərhələ yarışını, istər Şahmat üzrə Olimpiya oyunları və istərsə də, 2017-ci ildə keçirilməsi nəzərdə tutulan IV İslam Oyunları dediyimizin əyani sübutudur. Təbii ki, bu dəfə də məhz Azərbaycan təcrübəsi öz sözünü deyə biləcək.
Çox yaxşı... Bir azərbaycanlı olaraq da, istədiyimiz və gözlədiyimiz budur... Elə düşünürəm ki, bilmək maraqlı olardı Azərbaycan idmanı və idmançısı dedikdə sizcə, hansı idman növü və idmançı yada düşür?
-Bilirsiniz ki, Azərbaycanda bu gün 85 idman növü bu və digər səviyyədə yarışlar, respublika çempionatları, paytaxt birinciliyi, açıq kubok yarışı, qranpri və s. keçirilir. Əlbəttə ki, Azərbaycanın ənənəvi idman növləri var. Lakin, bununla yanaşı idman növlərinin coğrafiyası genişlənib və yeni idman növləri var. Bunların bəzilərində artıq ilkin nəticələrimiz var. Bütün bunların hamısı əlbəttə ki, vahid Azərbaycan idmanı üçündür. Müqayisə etdikdə isə əlbəttə ki, bu gün Azərbaycan güləşi, boksu, cüdosu daha öndədir. Azərbaycanın məhz elə bu idman növlərində olimpiya çempionları var. Olimpiya çempionu idman sahəsində ən yüksək zirvədir. Belə olan halda Namiq Abdullayev, Zemfira Meftahətdinova, Elnur Məmmədli, Fərid Mansurov kimi idmançılar ilk olaraq, Azərbaycanın fəxridirlər.
Hər kəs bilir ki, bu il ölkə idmanı üçün çox məhsuldar bir il oldu. Və hər bir azərbaycanlı da çalışdı ki, buna bacardığı qədər öz töhfəsini qata bilsin. Bu ilin bitməsinə isə artıq az qalır. Bilmək istərdik ki, Baş İdarə olaraq il ərzində hansı nailiyyətlərə imza ata bildiniz?
-Bəli, bu il çox məhsuldar və məsuliyyətli bir il oldu. Çünki, bu il I Avropa Oyunları keçirildi. Düşünürük ki, gələcəkdə olimpiya oyunlarını biz mütləq ələ keçirəcəyik. Əlbəttə ki, statistik rəqəmlərə baxsaq görərik ki, ölkəmizdə keçirilən yarışların sayı, keyfiyyəti, iştirakçıların sayı, hakimlərin, məşqçilərin say artımı var. Əlbəttə ki, Baş İdarə çalışdı ki, Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında öz töhfəsini vermiş olsun. Nəticələrə isə nəzər saldıqda, mütləq əksəriyyət nailiyyət əldə etmiş idmançılar paytaxtı təmsil edənlərdir. Doğrudur, biz istərdik ki, bölgələr də daha çox sayla təmsil olunsun. Amma, paytaxt idmançılarının sayı medal qazananlar sırasında çoxluq təşkil edir. Bizim könüllülərin hazırlanmasında böyük rolumuz oldu. İl ərzində ayrı-ayrı yarışlarda könüllülərin hazırlanması, onların maarifləndirilməsi, onlarla görüş, ali təhsil ocaqlarında onların seçimi, KİV-lərdə təbliğat və təşviqat işimiz əksəriyyəti təşkil etdi.
Beynəlxlaq yarışların keçirilməsində bu və ya digər hallarda paytaxt idarəsi cəlb olundu. I Avropa Oyunlarında azarkeş kütləsinin cəmləşdirilməsi, idman növlərinin kurasiyasına cəlb olunması məsələlərinə əlbəttə ki, biz cəlb edilmişdik. Paytaxt yarışları sistematik olaraq təsdiq edilmiş tədbirlər planına əsasən gerçəkləşir. Yarışların nəticəsi İdarənin saytında hesabat xarakterli foto və protokollarla oxuculara çatdırılır.
Digər tərəfdən isə ölkəmiz beynəlxalq əlaqələrə yüksək qiymət verdiyi üçün paytaxt İdarəsi də iki tərəfli əməkdaşlıq haqqında sazişlərə riayət edir. Zaman-zaman ayrı-ayrı dövlətlərin idman nümayəndələrini qəbul edir, söhbətlər aparır və növbəti illərin birgə görülməsi nəzərdə tutulan tədbirlərini müzakirə edir.
Bunlarla yanaşı, növbəti ildə keçirləcək Rio de Jeneroda Yay Olimpiya Oyunlarına lisenziya xallarının toplanmasına başlanılıb. Burada da, paytaxtın bir çox yarışları məhz ehtiyat qüvvənin olimpiya oyunlarına hazırlanmasına yönəlib. Nəticəli xanım idmançılarımızın da sayı artıb. Ölkəyə qalibiyyətlə qayıdan idmançıların qarşılanması, həmçinin yola salınması məsələsi, idmandan getmiş lakin bu gün məşqçi kimi fəalliyyət göstərən idmançılarımızın da fəxri adla təltif olunması üçün vəsatətin qaldırılması məsələsi, ümumiyyətlə bunların hamısı sadaladığım görülən işlərin bir qismidir. Təbii ki, ilin sonunda nəticələri təhlil edərkən hədəfimiz əvvəlki illərdən fərqli olaraq, hər bir sahədə bir az da yaxşı, bir az da çox uğura nail olmaqdır.
Gələcək yeni ildə Baş İdarə qarşısına hansı məqsədləri qoyub? Gənclərimiz, eləcə də Azərbaycan cəmiyyəti sizdən nə gözləsin?
-Bizim hələ bir neçə tədbirimiz var ki, onlar tamamlanmayıb. Bunlara Milli Qəhrəman Fəxrəddin Şahbazovun ağırlıq qaldırma üzrə xatirə turniri, Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni ilə həsr olunmuş fudzal yarışı, ali təhsil ocaqlarında təhsil alan tələbələrin Qala, Qobustan etnoqrafik muzeyinə səyahətinin təşkili, valideyn himayəsindən məhrum olmuş və kimsəsiz uşaqlar üçün uşaq evlərində təşkil olunanacaq tədbirlər, yeni illə bağlı az təminatlı ailələr üçün təşkil ediləcək şənliklərə dəvətnamələrin verilməsi, təşkili, cəbhə bölgəsində olan əsgərlərlə görüş daxildir. Bunlar da, növbəti il üçün tamamlanası işlərdir.
2016-2020-ci il dövlət gənclər siyasəti üçün təkliflərin verilməsi, hesabatların hazırlanması, dövlət və qeyri-hökumət strukturları ilə tədbirlər planının təsdiqi və s. məsələlər var. Bir sözlə, maraqlı il oldu. Əminəm ki, bütün bunlar yeni il qabağı bizə əsas verəcək ki, növbəti 2016-cı il qalibiyyət, uğur, bolluq, ruzi, bərəkət, tarixi hadisələrə imza atdığımız il olsun.
Az öncə beynəlxalq əlaqələrə toxundunuz. Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiya olunması, eləcə də onların dünya gəncləri ilə əməkdaşlıq əlaqələrinin səviyyəsi sizi nə dərəcədə qane edir?
-Bu çox maraqlı və düzgün sualdır. İstənilən iş nə qədər çox olsa belə görüləcək işlər ondan daha çoxdur. Dünya vahid orqanizm olaraq daim yeniliklər üzərində çalışır. Azərbaycan da dünyanın bir parçası olaraq, əlbəttə ki, bu prosesə xüsusi önəm verməlidir. Azərbaycanın nümayəndə heyətinin təmsil olunduğu xarici ölkələrdə istər gənclər, istərsə də idman siyasəti ilə bağlı il ərzində bizim nümayəndə heyətimiz gedir və ya ölkəmizə gəlirlər. Müzakirələrdə biz daha çox gəncin bu prosesə cəlb olunmasında maraqlıyıq. Digər bir tərəfdən isə biz əgər maddi texniki cəhətdən xaricilərə təklif edirdiksə, Azərbaycana gəlin, təlimlər keçirin, indi artıq Azərbaycana gələn qonaqlar bizə bunu deyir ki, “olarmı biz gələk təlim, məşq keçirək”. Yəni, Azərbaycan özünü idman ölkəsi kimi artıq tanıdıb. Bunu biz yox, dünya deyir. Deməli, bizim tutduğumuz hansı ki yol var, dövlət idman siyasəti öz bəhərsini verir. Bu da beynəlxlaq əməkdaşlığın müsbət nəticəsinin bir görüntüsüdür.
Raqif müəllim, gənclərlə əməkdaşlıq edən bir şəxs olaraq, onların hazırda ölkəmizin ictimai-siyasi həyatındakı rolunu necə qiymətləndirirsiniz?
-Biz demoqrafik problemi olmayan dövlətik. Əhalimizin 30 faizindən çoxunun yaşı 29-a qədər olan gənclərdir. Yaşı 35-ə qədər olanlar isə əhalinin yarısından çoxunu təşkil edir. Deməli, görüləsi işlər və aparacığımız yeniliklərin tətbiqi məhz bu sahəni əhatə etməlidir. Əlbəttə ki, bu gün gördüyümüz işlər bizi tam qane etmir. Biz istərdik ki, xarici ölkələrin təhsil ocaqlarında daha çox tələbə ilə təmsil olunaq. İstərdik ki, xaricdə təhsil alan tələbələr Azərbaycana gəldikdə daha tez iş tapsınlar. Həmçinin, beynəlxlaq institutlarda həmsdərlik və sədrlikdə azərbaycanlıların sayının daha çox olmasını istərdik. Bununla yanaşı, Xocalı soyqrımının xarici dövlətlərdə təbliğat işi gənclərin səyi nəticəsində daha çox aparılsın. Biz istərdik ki, torpaqlarımızın azad olunması və müşətərk işdə hər bir gənc, hər bir fərd aktiv iştirak etsin. Düzdür, bununüçün bu gün KİV, elektron informasiya vasitələri, internet mövcuddur. Həmçinin, müsabiqələr, yarışlar, sərgilər, aksiyalar keçirilir. Amma bu gün daha çox ali təhsil ocaqlarında təhsil almış gənclərin fəallığını görürük. Lakin, bu və ya digər səbəbdən ali təhsil almayan gənclər də kənarda qalmamalıdır. Və yaxud da ki, ailə qurduqdan sonra gənclik bu işdən bir qədər kənarda qalmamalıdır. Bir sözlə, görüləsi işlərimiz hələ çoxdur və bugün QHT-lərdə təmsil olunmuş gəncliyin hazırlayacağı layihələrin genişliyi, onların verəcəyi bəhrə və əhatə edəcəyi kütlə daha çox sayda olmalıdır. Yəni, dövlətin və hansısa təşkilatın çağırışını gözləmədən Azərbaycan gənci fərdi olaraq, ortaya öz bilik və bacarığını qoymalıdır. Savadlını, güclünü hər zaman gəlib tapırlar. O axtarmır, onu gəlib tapırlar. Ona görə ki, ortaya hansısa istedadını qoyur və o sahəyə marağı olan hansısa təşkilat da onu tapır.
Ölkəmizdə gənclər siyasətinin inkişaf etdiyi dövrdə bəzi gənclərimizin mənfi qüvvələrin təsiri altına düşməməsi üçün Baş İdarə hansı işləri görür?
-Əgər biz dövlətçiliyimizin və müstəqilliyimizin yeni illərində daha az maliyyə resursumuz olduğu və daha zəif institutların inkişaf etdiyi və dünyaya az tanındığımız halda xarici qüvvələrin ölkədəki vəziyyəti destablizə etməsinə duruş gətirmişiksə, indi təbii ki, buna da duruş gətirəcəyik. Çünki, indi daha güclü dövlətik, daha güclü institutlarımız var. Vətəndaşın və cəmiyyətdə olan hər bir fərdin oturuşmuş düşüncə tərzi var. Təbii ki, bunu istəyən və istəməyənlər var. Xarici qüvvənin hansısa maraqlarının tətbiq edilməsi hardasa başa düşünəndir. Ona görə ki, güclənəni və gücləndikcə dünyanı barışa, sülhə, müxtəlif idman yarışlarının keçirilməsinə dəvət edən dövlətin istənilməməsi həm də başa düşüləndir. Ona görə ki, bunu kimsə edə bilmədiyi halda maneçilik edir. Amma pisi odur ki, sapı özümüzdən olan baltalar alətə çevrilməsinlər. İnsan 99,9 faiz hallarda səhvi etdikdən sonra onu dərk edə bilir. Amma bir cəmiyyət, həm də Baş İdarə olaraq, əlbəttə ki, maarifləndirmə işi aparmalıyıq. Maarifləndirmə işində radikalizmin nə olması, hansısa bayağı gerçəkliyə yönəlmiş utopik fikirlərin həqiqi gerçəkliyinin nədən ibarət olduğnu açıqlamaq olar. Bizim hamımızın bir amalımız olmalıdır ki, bu da, üç rəngli bayraq, ərazi bütövlüyü və xoşbəxt gələcəyimizdir. Bu isə artıq qəbul olunub. Sadəcə istəməyənlərin dərininə və alt yapısına vardıqda onu görürük ki, bu qısqanclıqdır. Biz bilirik ki, Avroviziya, I Avropa Oyunları, parlament seçkiləri öncəsi Azərbaycan haqqında nələr yazıldı. Lakin, bunlardan sonra həmin yazılar yoxdur. Hazırda görürük ki, qarşıdan beynəlxalq yarışlar gəlir və bunlar nə üçündür. Lakin hərə öz işi ilə məşğul olmalı və cəmiyyətdə öz ümumi yerini tutmalıdır.
Necə düşünürsünüz, Dağlıq Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərimiz kifayət qədər iş görürmü?
-Bizim dünya üzrə sayımız 50 milyondan çoxdur. Xarici dövlətlərdə yaşayan azərbaycanlılarımız daim ayıq-sayıq olmalıdır. Onlar yaşadıqları ölkənin parlamentlərinə, institutlarına, hüquq müdafiəçilərinə, partiya rəhbərlərinə, siyasətçilərə daim yazmalı və ədaləti tələb etməlidirlər. Azərbaycanda yaşayıb, onun çörəyindən qidalanmaış və getmiş digər dövlətlərin nümayəndələrini biz axtarıb tapmalıyıq ki, onların səsini dünyaya çatdıraq. Burada yaşayan insan heç vaxt Azərbaycan haqqında pis deyə bilməz. O cümlədən də bu gün Azərbaycana düşmən mövqeyində olan ermənilər, hansılar ki, onlar ölkəmizdə yaşayıblar. Onlar öz həmyerlilərinə deməlidirlər ki, belə olmayıb, biz Azərbaycanda yaxşı yaşamışıq, normal münasibət olub. Digər tərəfdən isə beynəlxalq institutların qəbul etdiyi sənədlər var. Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi 4 qətnamə var. Bu gün Avropa İttifaqının, Avropa Şurasının, Minsk qrupunun təklif etdiyi sənədlər var ki, bu sənədləri təbliğ etmək lazımdır. Bunları internet, xaricdə yaşanay azərbaycanlılar vasitəsilə etmək olar. Bunlar damcı-damcı Qarabağımızı bizə yaxınlaşdırır. Onsuzda həytaın fəlsəfəsi var ki, yaxşı pisə həmişə qalib gəlir. Əks halda bəşəriyyətin mövcudluğu sual altında olar. Bütün müharibələr nə vaxtsa bitir. Təəssüflər olsun ki, tarixə nəzər saldıqda tarixçilər bəzən təhriflərə, israfa yol verirlər.Amma gerçəklik var ki, həm etnoqrafik, toponimlərdə, tarixi xəritələrdə, yazılarda Qarabağ Azərbaycan ərazisidir. Bunusübut edən yetərincə faktlar var. Sadəcə olaraq, bu gün güclü ordu, iqtisadiyyat, vətəndaş düşüncə tərzi, vahidlik, siyasi düşüncəsindən asılı olmayaraq, ortaq mövqe bizi bu prosesə yaxınlaşdırır. Cənab prezidentin bütün görüşlərində, çıxışlarında Qarabağ həqiqətləri haqqında deyilir. Ən pis hal unutqanlıq, biganəlik, ümidsizlikdir. Bu cür düşünən insanlarla da gündəlik maarifləndirmə işi bizim başlıca vəzifəmizdir. Bu da həqiqətin bərpa, haqqın bərqərar olunmasına gətirib çıxaracaq. Artıq proseslər ona doğru gedir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.
Qarşıdan ulu öndər Heydər Əliyevin anım günü yaxınlaşır. Bununla bağlı yəqin ki, Baş İdarənin də müəyyən qədər tədbir və görüşləri olacaq. Sizcə, bu günkü Azərbaycan gənci ulu öndərin qurduğu gənclər siyasətini özündə əks etdirə bilirmi?
-Ümummilli lider haqqında danışmaq əlbəttə ki, məsuliyyətlidir. Onun düşüncələrində, çıxışlarında elə proqram xarakterli məqamlar var ki, bu gün biz onu qanunvericilikdə görürük. Hələ elə məsələlər var ki, biz onu gələcəkdə görəcəyik. Ona görə ki, nəhəng dünya siyasətçisi olan ümummilli liderin qoyduğu siyasət qalibiyyət siyasətidir. Biz anım mərasimi öncəsi bir neçə maarifləndirici tədbirlər keçirəcəyik. İstər inşa-yazı, şeir, rəsm, idman yarışları, istərsə də, turnirlər təkcə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin deyil, həm də rayon Gənclər və İdman İdarələri bu tədbirlərə cəlb olunacaq. Təbii ki, layihələrimiz çox olacaq. Ancaq, ən əsas məsələlərdən biri ondan ibarətdir ki, bu gün ümummilli lider Heydər Əliyevin dediyi şüarlar bizim həyat tərzimizdir. Yəni, hər bir millətin milli mənsubiyyəti onun qürur mənbəyidir. Biz də, bu gün fəxr edirik ki, biz azərbaycanlıyıq. Yəni, azərbaycanlı olması ilə fəxr edən gənc məğlub ola bilməz. Ona görə ki, o qürurlanır, tarixini bilir, vətənini sevir, bayrağa bağlıdır, ərazi bütövlüyünün bərpasında maraqlıdır, haqqın tərəfdarıdır. Bu cür gənc, vətəndaş məğlub ola bilməz. Deməli, bu qalibiyyət ideyasının əsasısıdır. Hər bir vətənini sevən Azərbaycan gənci də, bunu özündə əsas şüar seçib.
Ümid edirəm, suallarımız sizin üçün qane edici oldu. Oxucularımıza və gənclərimizə nə deyərdiniz?
-Bütün oxucularınıza səadət, xoşbəxtlik, mehribalıq arzu edirəm. Hər bir Azərbaycan vətəndaşı xoş sözə laiqdir.
Sadəcə onu deyim ki, nə xoşbəxtdir o valideyn ki, onun övladı yenidən Xankəndində bayrağımızı sancacaq...
7news.az








