Bu gün açıqlanan siyahıda mətbuatımızda mənfi xəbərlərə görə "lider"lik edən nazirlikdən biri Təhsil Nazirliyi olub.
Keçmiş təhsil naziri Firudin Cəlilov təhsil sahəsindəki problemlər və ali məktəblərə qəbul imtahanları ilə bağlı açıqlama verib:
"Ümumiyyətlə nazirliklər içərisində ən ağır nazirlik Təhsil Nazirliyidir. Təhsil Nazirliyi bütün dairələri əhatə edir, hər kəs məktəbdən gəlib keçir, ali məktəblərdə təhsilini davam etdirir. Əhalinin böyük əksəriyyəti təhsillə birbaşa əlaqədədir. İndiki durumda təhsil sahəsində islahat yoxdur. Ona görə də, nazirlik tez-tez mənfi xəbərlərlə gündəmə gəlir.
Ali məktəblərə qəbulla bağlı islahatlar olmalıdır. Biz o zaman test üsulu ilə ali məktəblərə qəbul sistemini ölkədə tətbiq edəndə fikirləşirdik ki, bir-iki ilə hər şey yerinə oturar və ondan sonra ciddi islahatlar aparmaq lazımdır. Bunun üstündən 20 il keçib, ancaq indiyədək heç bir islahat aparılmayıb.
İmtahanın əleyhinəyəm. Nəinki test üsulu, qəbul imtahanları da ləğv olunmalıdır. Kim oxumaq istəyir, gedib oxusun. Oxumaq istəməyəni zorla imtahan etmək olmaz. Elə ölkələr var ki, ali məktəblərə qəbul imtahanı yoxdur. Sərbəstlik olmalıdır. Gənclərə imkan verilməlidir ki, hansı peşəni seçirlərsə, o sahəni də öyrənsinlər. Gənclərin qabağını kəsmək düzgün deyil. Oxuya bilən davam edər, oxuya bilməyən isə birinci rübdən ali məktəbdən uzaqlaşdırılmalıdır. Təbii ki, bunun üçün ali məktəblərdə rüşvətə son qoyulmalıdır. Əsl imtahan ali məktəblərdə olmalıdır".
Qeyd edək ki, bundan bir neçə gün öncə təhsil naziri Mikayıl Cabbarov qəbul imtahanlarında test sisteminin ləğv olunacağı barədə mətbuatta açıqlaması ilə gündəmə gəlmişdi. /olke.az
7News.Az








