Yaxın zamanlarda nəqliyyat sektorunda vahid ödəniş sisteminə keçiləcək.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov açıqlamasından bildirib: “Bakı Nəqliyyat Agentliyi hazırda yaranma mərhələsindədir. Artıq yaranıb demək olar ki, sadəcə müəyyən təşkilati məsələlər qalıb. Ancaq işlər artıq yekunlaşmaq üzrədir. Bunlar hamısı həll olunduqdan sonra nəqliyyatda vahid ödəniş sisteminə başlanılacaq. Bakı Nəqliyyat Agentliyi daşıyıcılar üzərinə müəyyən tələblər qoyacaq. Bu tələblər sırasında daşıyıcıların qarajlarının yoxlanılması nəzərdə tutulur, qarajları, maddi-texniki bazası olmayan avtobuslar sərt şəkildə cəzalandırılacaq.
Vahid ödəniş sistemi tam tətbiq olunacaq. Bildiyiniz kimi “Baku-Bus”da nəğdsiz ödəniş sistemi tətbiq olunur. Digər daşıyıcılarla bağlı da vahid ödəniş sisteminin yaxın zamanlarla mərhələli şəkildə həyata keçirilməsi gözlənilir. Taksilərlə bağlı isə hələ ki, tam məlumat yoxdur.
Eyni zamanda optimallaşdırma işləri də nəzərdə tutulub. Artıq xarici konsultantlar dəvət olunub, nəinki ictimai nəqliyyat sferası, ümumiyyətlə, Bakı şəhərinin nəqliyyat sistemi optimallaşdırılacaq. Bura hər şey aiddir – yollar, sıxlıqların aradan qaldırılması, yol nişanları, yol qovşaqları və s. bütün bu məsələlər öz həllini tapacaq. Deyə bilmərik ki, bir məsələni biz araşdırdıq və yekunlaşdı. Çünki daima inkişaf gedir. Bu səbəbdən də optimallaşdırma işləri daim davam edəcək”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 21 dekabr 2015-ci ildə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb.
Yeni quruma Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək həvalə olunub.
Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilib. Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib. /atv.az
7News.Az








