RU
Nəsimi rayon ictimaiyyəti Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun  xatirəsini anıblar
10:06
361

Nəsimi rayon ictimaiyyəti Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar

Fevral ayının 11-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini,  Nəsimi rayon YAP Qadınlar Şurasının sədri Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı bir qrup fəal gənclərlə Qusarda  Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar.
 
Əvvəlcə Milli Qəhrəmanın Qusarın Şəhidlər xiyabanındakı qəbri ziyarət olunub, ruhuna dualar oxunub. Daha sonra şəhid Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd tam orta  məktəbin kollektivi ilə görüş olub. Milli Qəhrəmanın müəllimləri onun haqqında xatirələrini bölüşüb, Çingizin çalışqan və tərbiyəli şagird olduğunu diqqətə  çatdırıblar. Deyiblər ki, Ç.Qurbanov hərbi dərslərə marağı ilə seçilirdi, "Şahin” hərbi-idman oyunlarında məktəb komandasının əsas üzvlərindən biri idi.  Məktəbdə keçirilən görüşdən sonra Milli Qəhrəmanın ailə üzvləri ziyarət olunub.  Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən  oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına  əmin olduğunu deyib.
Tədbir zamanı qeyd olunub ki, Azərbaycanın hər yerində Çingizin  qəhrəmanlığından, onun Vətən sevgisindən danışılır. İndi Qusarın Həzrə kəndi  haqqında bütün ölkə vətəndaşlarının xəbəri var. Prezident İlham Əliyev Çingizin  qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çingiz kimi Vətən oğullarının xatirəsi  qəlbimizdə daim yaşayacaq.  
Sonda gənclər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhidin ailəsinə  təqdim olunan Çingiz Qurbanovun Milli Qəhrəman ordeni ilə tanış oldular.
Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da düşmənlə qeyri-bərabər  döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş  Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017- ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
 
7News.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ