Bakı
və San Dieqo şəhərləri arasında yaranmış münasibətlərin daha da inkişaf
etdirilməsi və möhkəmləndirilməsi, eləcə də böyük sayda erməni icmasının mövcud
olduğu Kaliforniyada Azərbaycanın təbliği məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti
başçısının rəhbərlik etdiyi 4 nəfərdən ibarət nümayəndə heyəti cari ilin
23-31oktyabr tarixlərində ABŞ-ın Kaliforniya ştatına səfər etmişdir. Nümayəndə
heyətinin tərkibində Milli Məclisin deputatı Asim Mollazadə, Bakı Dağ Yəhudiləri
Dini İcmasının rəhbəri Milix Yevdayev və Nəsimi RİH başçısı aparatının
İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Məmmədli olmuşlar.
2011-ci ildən etibarən Kaliforniyanın San Dieqo şəhərinin Svitzer Haylənd
rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma münasibətləri
qurulmuşdur. Əhalisinin sayına görə Kaliforniyanın ikinci, ümumilikdə ABŞ-ın səkkizinci
ən böyük şəhəri olan San Dieqo şəhəri Kaliforniya ştatının siyasi və iqtisadi həyatında
mühüm rol oynayır.
Səfər proqramı çərçivəsində Los Anjeles, San Dieqo şəhəri və San Dieqo vilayətinin
seçkili nümayəndələri, biznes dairələrilə, eləjə də müxtəlif təşkilatların rəhbərliklərilə
görüşlər, həmçinin San Dieqoda Azərbaycanın müstəqilliyinin 25, Bakı-San Dieqo
münasibətlərinin 5 illiyinə həsr olunmuş geniş tədbirlər keçirilmişdir.
Oktyabrın 24-də nümayəndə heyəti Los Anjeles şəhərində keçirilən Asiya Filmləri
Dünya Festivalı çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla
Əliyevanın dəstəyi ilə ərsəyə gəlmiş «Əli və Nino» bədii filminin premyerasında
iştirak etmişdir. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə
keçirilən premyerada, Hollivud kino sənayesinin tanınmış nümayəndələri, Oskar və
Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları və
aktyorları və digər şəxslər iştirak edirdilər.
Nəsimi rayonunun nümayəndə heyəti oktyabrın 25-də Los Anjelesdən San Dieqo şəhərinə
gələrək bir sıra tədbirlərdə iştirak etmişdir.
Azərbaycan nümayəndə heyətinin şərəfinə oktyabrın 25-də San Diyeqo Şəhər
Şurasında xüsusi mərasim keçirildi. Azərbaycanın müstəqilliyinin bərpasının
25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer
Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr
olunmuş mərasimdə nümayəndə heyətimizlə Azərbaycanın Los Ancelesdəki baş
konsulu Nəsimi Ağayev iştirak edirdi.
Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner San Dieqo-Bakı
münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətlərindən
danışaraq, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının
25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim etdi. Şəhər Şurasının bütün üzvləri
tərəfindən imzalanan bəyannamə ilə 18 oktyabr tarixi San Dieqoda "Azərbaycan
Müstəqillik Günü” elan olunub.
Tədbirdə nümayəndə heyətinin rəhbəri Asif Əsgərov çıxış edərək Prezident İlham
Əliyevin davamlı və dinamik inkişaf məntiqinə əsaslanan siyasətinin həyata
keçirilməsi nəticəsində qazanılmış uğurları, Bakı şəhərinin son illərdə
dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi, Bakı-San Dieqo münasibətlərinin
ötən 5 il ərzində inkişafı, San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan
sonra daha da dərinləşdiriməsinin zəruriliyi, Azərbaycan-ABŞ münasibətlərinin
möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğu, bu baxımdan Bakı-San Dieqo
dostluğunun gözəl bir nümunə təşkil etdiyini vurğulamış və ölkəmizdəki dini
tolerantlıq, multikulturalizm ənənələrindən danışmışdır.
Mərasimin sonunda San Dieqo Şəhər Şurasına Nəsimi Rayon İcra hakimiyyətinin hədiyyələri
təqdim olundu.
Səfər zamanı Kaliforniya Ştat Senatoru Marti Blok və onun ofisinin aparatının rəhbəri
Kris Vard ilə görüş, San Dieqonun müharibə icması veteranları, daha sonra Tomas
Jeferson Hüquq İnstitutunun rəhbəri Tomas Guernsey və institutun digər
ziyalıları ilə birlikdə görüşlər keçirilmişdi. Həmçinin Amerika-İsrail İctimai
Əlaqələr Komitəsinin liderləri ilə görüş olmuşdu. Tədbirlərdə Azərbaycan milli
sənət əsərlərindən ibarət hədiyyələr təqdim edildi.
Oktyabrın 26-da səfər proqramı çərçivəsində San Dieqo Vilayəti Yəhudi
Federasiyasının sədri Maykl Sonduk ilə, San Dieqo Limanı Administrasiyası idarə
heyətinin sədri Marşal Merifild ilə görüş keçirilmiş və sonra San Dieqo Cevish
Cournalda, San Dieqo Vilayəti Nəzarətçilər Şurasının sədri Ron Robert ilə,
sonra Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez ilə görüş olmuşdur.
Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə və Bakı-San
Dieqo münasibətlərinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə keçirilən
ziyafətdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya
Ştat Assambleyasının üzvü Roki Çavez, San Dieqo Liman Administrasiyasının sədri
Marşal Merifild, digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar,
universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər
iştirak edirdilər. Ziyafətdə Nəsimi rayon nümayəndə heyəti tərəfindən çıxışlar
edilərək Azərbaycanın qədim dövlətçilik ənənələrindən, müstəqilliyinin bərpasından,
ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dərin
böhrandan xilas olmasından, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün
Azərbaycanın sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə
çevrilməsindən, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ
tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verməsindən
danışıldı. Tədbirdə həmçinin San Dieqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğu
qeyd edildi.
Kaliforniya Ştat Assambleyasının üzvü R.Çavez, San Dieqo Liman
Administrasiyasının sədri Marşal Merifild öz çıxışlarında əldə etdiyi mütərəqqi
nailiyyətlərlə Azərbaycanın son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini,
çətin bir bölgədə yerləşən və yüksək strateji önəm daşıyan Azərbaycanın ABŞ-ın
yaxın tərəfdaşı və dostu olduğunu qeyd edilərək dostluq əlaqələrinin gücləndirilməsi
məqsədilə yaxın aylarda San Dieqo şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri
üzərində düşündüklərini bildirdilər. Çıxışının sonunda Azərbaycanın Müstəqillik
Günü ilə bağlı R.Çavez Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsini təqdim
etdi.
Oktyabr ayının 27-də nümayəndə heyəti Los Anjeles şəhərinə yola düşmüş, 28-i
tarixdə Los Anjeles Amerika Yəhudi Komitəsinin üzvləri ilə, sonra isə İsrail
Konsulu ilə görüşlər keçirilmişdir.
Nəsimi rayon nümayəndə heyətinin San Dieqoya səfəri zamanı keçirilən görüşlərdə
və həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında
geniş müzakirələr zamanı San Diyeqolu iş adamları ölkəmizə investisiyalar
yatırılmasına dəvət edilmiş və əlaqələrin qarşılıqlı davam etdirilməsi qərara
alınmışdır.
7News.Az












