Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin
«20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər
planı haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən
müvafiq tədbirlər hazırlanmış və faciənin ildönümü geniş şəkildə qeyd olunur.
Tədbirlər planına uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində, idarə və
təşkilatlarında anım tədbirləri təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı
Yanvar faciəsinin XXVII ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, anım
mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir,
divar qəzetləri buraxılır. Rayonun idarə və təşkilatlarının kollektivlərinin, orta və
ali təhsil müəssisələrinin şagird və tələbələrinin «Şəhidlər Xiyabanı»na ziyarəti
təşkil olunur.
Respublika «20 Yanvar» cəmiyyəti, rayonun ictimai təşkilatlarının
nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və
faciə zamanı əlil olmuş rayon sakinləri ilə 17 yanvar 2017-ci il tarixdə Rayon İcra
Hakimiyyətində görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif
Əsgərov qeyd etmişdir ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş
ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız,
əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin
qəhramanları olmuşlar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün
çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan
nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə
ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra
Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə
Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi
qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir.
20 Yanvar günlərini xatırlayaraq Asif Əsgərov bildirdi ki, 1990-cı ilin yanvar
qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq
uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən
oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı,
müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə
qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Tədbirdə bildirildi ki, bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri,
dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən
hər cür diqqət və qayğı ilə əhatə olunmuş, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım
Əliyevanın diqqət və qayğısı xüsusi qeyd edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şəhid ailələri və 20
Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir çox
sualların həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Görüşdə 20 Yanvar Respublika cəmiyyətinin sədri Sultan Əzimzadə,
Nəsimi rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva, 20 Yanvar Nəsimi
rayon təşkilatının sədri, II qrup əlil Tofiq Allahverdiyev çıxış edərək şəhid
ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab
İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə maddi yardım
göstərilmişdir.
7News.az












