Hər il olduğu kimi
Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Nəsimi
rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, təşkilatlarında, ali və
orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında keçirilən tədbirlərdə Ulu
öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti
nümayəndələrinin, ali və orta təhsil müəssisələrinin, səhiyyə ocaqlarının,
ağsaqqallar, veteranlar və gənclər təşkilatlarının, dini qurumların
nümayəndələrinin, Milli Məclis üzvlərinin, nazirlik və komitə rəhbərlərinin,
elm və mədəniyyət xadimlərinin, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə
respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyətinin, qeyri hökumət
təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə
həsr olunmuş anım mərasimi keçirilmişdir.
Öncə tədbir iştirakçıları Nəsimi rayon İcra Hakimiyyətinin İzmit Bələdiyyəsi
ilə birgə təşkil etdiyi sərgiyə baxmişlar.
Tədbiri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq dahi
şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Ümummilli lider Heydər
Əliyevin həyatına və heç bir ölçüyə və sərhədə sığmayan xidmətlərinə həsr
olunmuş geniş nitq söyləmiş , Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad
edilmişdir.
Natiq qeyd etmişdir ki, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir
lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli
liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını,
obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri
Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan
mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən
parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev
zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi,
keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün
dolğun mənzərə açır.
Tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər
Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə
əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifi olmuşdur. Yalnız onun
sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini
yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub
saxlaya bilmişdir. Onun dünya siyasət xəzinəsini zənginləşdirən fəaliyyəti
Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik
arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.
Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
respublikamızın qloballaşan dünyaya inteqrasiyası, cəmiyyətin və dövlətin
demokratik dəyərlər əsasında idarə edilməsi, habelə dövlətimizin
sosial-iqtisadi inkişafı, insan hüquqlarının ali dəyərlər kimi tanınması və
təmin olunması sahəsindəki fəaliyyəti onun ulu öndərin layiqli siyasi davamçısı
olmasını təzahür etdirir, Azərbaycanın dövlət müstəqilliyinin əbədi olmasına və
yüksələn üçrəngli bayrağın heç zaman enməyəcəyinə hər bir Azərbaycan
vətəndaşında böyük inam yaradır.
Tədbirdə Ulu Öndərin keçirdiyi mənalı ömür yoluna həsr olunmuş video çarx
nümayiş olunmuş, mərasim iştirakçıları ulu öndərin parlaq və unudulmaz
xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmişlər.
Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar
Palatasının Sədri Vahid Novruzov, Milli Məclisin deputatları Madər Musayev,
Kamran Nəbizadə, Sevinc Hüseynova,Hadı Rəcəbli, Şəmsəddin Hacıyev, Kamilə
Əliyeva, Azər Badamov, Vahid Əhmədov, Çingiz Qənizadə, Elman Nəsirov, Ülvi
Quliyev, Mahir Aslanov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak
edirdilər.
Tədbirdə tanınmış incəsənət xadimləri - Niyazi adına Simfonik orkestr, Xalq
artistləri Mənsum İbrahimov, Alim Qasımov, Azər Zeynalov, Əməkdar artistlər
Zakir Əliyev, Lalə Məmmədova, Fərid Əliyev, Gülnaz İsmayılova, Afaq Abbaslı,
Azərbaycan Televiziyası Radiosunun solistləri Ayşən Mehtiyeva, Aynur İsgəndərli,
Mustafa Aşurov çıxışlar etmişlər.








