14 noyabr 2016-cı il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional
Mərkəzinin birgə təşkilatçılığı ilə "Yanğın təhlükəsizliyinin təmin olunmasında
Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə
orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirildi.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının I müavini Yavər Allahverdiyev, rayonda fəaliyyət göstərən
özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon
təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri,
eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin
nümayəndələri iştirak etdilər.
Müşavirəni giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının I müavini Yavər
Allahverdiyev Nəsimi rayonunda yanğın təhlükəsizliyinin
təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar
arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
Çıxış edən natiqlər "Yaşayış massivlərində yanğınların başvermə səbəbləri:
potensial təhlükələr və onların aradan qaldırılması yolları”, "Yanğınların
söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları,
"Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”,
"Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”,
"Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və Yanğın zamanı ilkin
tibbi yardım” mövzularında ətraflı məlumat verdilər.
Sonda məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə
qaydaları ilə bağlı videoçarxlar nümayiş olundu və suallar cavablandırıldı.
















