Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elman Məmmədov rayonlarda Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik edildiyini deyib.
Millət vəkili xatırladıb ki, Xocalı soyqırımı qurbanlarının məzarlarının əksəriyyəti Ağdamda olub, sonra həmin ərazilər işğal edilib: ‘Şəhidlərimizin məzarları indi də işğal altındadır. Xocalı şəhidlərindən yalnız 12-nin məzarı Bakıda, 50-si isə rayonlardadır. Rayonlarda 50 məzarın üzəri 1992-ci ildə primitiv qaydada götürülüb, bu gün diqqətdən kənarda qalıb”.
Daha sonra deputat soyqırıma məruz qalmış insanlara müəyyən imtiyazların verilməsinin gündəmə gətirilməli olduğunu diqqətə çatdırıb: "Biz istəyirik ki, dünya Xocalı soyqırımını tanısın. Biz niyə indiyə qədər Xocalı şəhərini soyqırımına məruz qalmış şəhər kimi qəbul edib, Xocalı sakinlərinə soyqırıma məruz qalmış şəxslər statusu vermirik? Söhbət maddi təminatdan yox, mənəvi məsələlərdən gedir”.
Milli Məclisin iclasında parlamentin İdman və gənclər komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün dövlət və cəmiyyət tərəfindən şəhid ailələrinə çox böyük qayğı və dəstək var: "Şəhidlərimzi heç vaxt unutmuruq. Onlara cəmiyyət və dövlət də böyük mənəvi və maddi qayğı göstərir. Xocalıdan olan, ata və anasını itirmiş 26 gəncə və digər şəhid ailələrinə göstərilən xüsusi qayğı, diqqət və köməyə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkür düşür. Xocalı haqqında son zamanlar görülən işlər böyük siyasi əhəmiyyət daşıyır. Dünyanın bir çox ölkələrində soyqırımı törədilmiş şəhərlər var. Biz də Xocalı şəhərinin statusu ilə bağlı ayrıca mexanizm düşünüb hazırlamalıyıq. Yəni Xocalıya soyqırımına məruz qalmış şəhər statusunun verilməsi də müsbət addım olar”.
Fuad Muradov deyib ki, bu illər ərzində dünya parlamentlərində Xocalını tanıtmaq üçün xeyli işlər görülüb: "Dünyada soyqırımları ilə bağlı xüsusi bir yanaşma var. Bizdə də bununla bağlı işlər getməkdədir. 25 il ərzində Xocalını dünyanın müxtəlif parlamentlərində tanıda bilmişik. Xahiş edirəm ki, Xocalı il bağlı görülən işlərin müsbət tərəflərini də deyək. Bəzən sarı mətbuat yazır ki, dövlət filan şəhid ailəsinə kömək etmədi. Amma belə deyil. Biz həyata keçirilən işləri də deməliyik. Bu işdə son zamanlar QHT-lər də çox aktivdirlər. QHT-lər də şəhidlərlə bağlı məsələlərdə xüsusi işlər görürlər. Deputat həmkarlarımla da razıyam ki, Xocalı şəhəri və oradan olan insanlarla bağlı hər zaman xüsusi yanaşma olmaldır”.








