ABŞ-ın Nyu-York şəhərində 8 nəfərin ölümünə səbəb olmuş terror aktını törədən şəxs bu qanlı olayı gerçəkləşdirməzdən əvvəl yazdığı yazısında hücumu "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının adından reallaşdırdığını bildirib.
Yazı ingilis dilində olub.
The New York Times-ın məlumatına görə, teraktın törədildiyi yerdə ərəb dilində yazılmış bir neçə yazı tapılıb. Bu yazılarda terrorçu İŞİD-ə olan sevgisindən və rəğbətindən bəhs edib.

Bununla belə, Nyu-Yorkdakı terror aktı ilə İŞİD arasında birbaşa əlaqə aşkarlanmayıb. Ekspretlərin fikrincə, çox yəqin ki, söhbət İŞİD ideyalarına qapılmış terrorçudan gedir.
Həmin şəxs Özbəkistandan ABŞ-a mühacirət edən, 2010-cu ildən bəri Florida ştatındakı Tampa şəhərində yaşayan 29 yaşlı Seyfullo Həbibullayeviç Saipovdur.
S.Saipovun Nyu-Cersi ştatındakı Paterson şəhərində də mənzili var.
S.Saipov dünən Nyu-Yorkun Manhetten səmtinin cənub-qərb hissəsində, Qudzon çayının sahili boyu uzanan velosipedçilər yoluna pikapla çıxıb.
"West Side Highway"lə hərəkət edən pikap "Houston Street"ə qədər irəliləyib. Yoldakı insanları əzərək öldürən və yaralayan pikap "Chambers Street"də məktəb avtobusu ilə toqquşub.
Toqquşmadan sonra pikapdan çıxan S.Saipov "Allahu əkbər!" qışqıraraq polislərə tərəf gedib. Bu zaman onun əlində pnevmatik və peyntbol silahları vardı.
Polislər atəş açaraq S.Saipovu qarnından yaralayıblar, yaxalayıblar.
O, hospitala aparılıb.
Terror aktı nəticəsində 8 nəfər həlak olub, 11 nəfər yaralanıb. Yaralananlar arasında iki uşaq da var. Uşaqlardan birinin durumu kritikdir.
S.Saipovun Floridada qeydiyyatdan keçmiş iki yükdaşıma şirkətinin olduğu, onun özünün Nyu-Cersi ştatında həm də "Uber" taksi xidmətində çalışdığı bəlli olub.
S.Saipovun Ohayo ştatındakı "Sayf Motors Inc." yükdaşıma şirkəti 2011-ci ilin mayında Hemilton Kauntidə, Sinsinatidəki "Bright Auto LLC" şirkəti isə 2013-cü ilin avqustunda Kayahoqa Folsda qeydiyyatdan keçirilmişdi.
ABŞ prezidenti Donald Tramp və Nyu-Yorkun meri Bill De Blazio baş vermiş qanlı hadisəni terror aktı kimi səciyyələndiriblər.
ABC-nin məlumatına görə, ABŞ-ın Federal Təhqiqat Bürosunun agentləri S.Saipov hospitala çatdırılan kimi onu dindiriblər. Dindirilmədən sonra S.Saipov əməliyyat olunub. Hazırda bu şəxsin Florida və Nyu-Cersi ştatındakı əlaqələri, habelə xaricə gedib-getmədiyi araşdırılır.
AP məlumat verir ki, S.Saipov terror aktı törətməzdən əvvəl üzərində "Hope Depot" şirkətinin reklamı olan yük mahınını icarəyə götürüb.

İŞİD dünən Twitter-də yaydığı açıqlamalarda Nyu-Yorkdakı teraktdan bir kəlmə də bəhs etməyərək Əfqanıstan və İraqdakı əməliyyatlarından yazmışdı.
Ohayo ştatındakı Mayamisburq şəhərinin sakini, 37 yaşlı özbək Kobicon Matkarovun dediyinə görə, S.Saipovla beş il əvvəl tanış olublar.
"Çox yaxşı, səmimi, sakit insandı. Sanki, kiçik qardaşımdı. Məni də özünə böyük qardaş sayırdı", - K.Matkarov The New York Post-a deyib.
Seyfullo Saipovun Facebook-da 2011-ci ildə yaratdığı profilində cəmi 3 paylaşım var. Onlar "Əssalamun əleyküm", "Allahu əkbər!" və "Bismillahir rəhmanir rəhim!" yazılmış fotolardır./milli

7news.Az










