O, 10 ildir ki, kağız üzərində göz oxşayan naxışlar çəkir. Bacarıqlı naxış ustasının hətta 125 yaşlı məscidin daxili hissəsindəki naxışların çəkilməsində də əməyi olub. 38 yaşlı naxış ustasını siz də tanıyın.
Mingəçevir sakini Məşədi Səlimov 10 ildən artıqdır ki, kağız üzərində naxış çəkməklə məşğuldur. 38 yaşlı usta deyir ki, bu işə marağı hələ Rusiyada yaşadığı müddətdə dostundan öyrənib. Azərbaycana geri dönəndə isə əl işlərini Qəbələdəki məscidlərin birinə və Quba Xalçaçılıq Evinə təqdim edir. Xəyalında canlandırdığı naxışları kağız üzərinə köçürən usta deyir ki, bunun vasitəsilə daxili rahatlıq tapır. Rənglər aləmində naxışlar vasitəsi ilə gəzişən usta əl işlərini daha çox hədiyyə üçün düzəldir. Bu göz oxşayan naxışları çəkmək isə onun bəzən yuxusuz gecələri bahasına başa gəlir. İxtisasca iqtisadçı olan naxış ustasının hətta Yevlax rayonu Havarlı kəndində yerləşən 125 yaşlı məscidin daxili hissəsindəki naxışların çəkilməsində də əməyi olub. İndi ustanın arzusu yaratdığı əl işlərinin sərgisini təşkil etməkdir.
7news.az










