"Namiq mənim üçün bir oyun idi"
Region TV-də yayımlanan "Ferma" realiti-şousunun keçmiş iştirakçısından maraqlı açıqlamalar.
"Ferma" realiti-şousuna gəldiyi gündən qalmaqallarıyla hər kəsin diqqət mərkəzində olan iştirakçı Səma Cəlalova bu yaxınlarda "Ferma"nı tərk etdi. "Ferma"da qruplaşma yaradan iştirakçı Mələyin növbəti hədəfi olan Səma fermadan ayrılsa da, onun haqqında tamaşaçıların bilmədiyi sirləri danışdı.
- Səma, bir zamanlar Mələklə olduqca yaxın idin. Ona qayğı göstərirdin. Amma elə səni "Ferma"dan uzaqlaşdıran əsas şəxs Mələk və onun qrupu oldu. Gözləyirdin?
- Mən həmişə deyirdim ki, Mələkdən özümə qarşı zərbə gözləyirəm. Şəklimi yandırdı. Əvvəlcə çox hirslənmişdim. Hətta onu vurub 100%-lə getməyi belə düşünürdüm. Amma iştirakçı yoldaşlarım buna izn vermədilər. 6 aylıq əziyyətimə dəyməzdi. O, anasını belə təhqir etdi. "Ferma"dan çıxandan sonra onun ailəsiylə görüşdüm. Anası onu atmayıb. Hətta atasından ayrılarkən belə Mələyi özüylə aparıb. Əslində Mələk anasını atıb gedib. Mələk iki il psixoloji müalicə alıb. Ögey atasıyla yola getmədiyi üçün doğma atasına qayıdıb.
- Mələk niyə "Ferma"da məhz səni qısqanırdı?
- Mələk heç vaxt Namiqin məni seçməyini həzm edə bilməyib. Namiqdən sonra mənə qarşı onda nifrət oyandı. O, nifrəti içində bəslədi və böyütdü. Məni arxadan vurmaq üçün fürsət axtarırdı. Amma ona yazığım gəlib həmişə.
- Bəs, onu bağışlaya bildin?
- Hər şeyi bağışlayardım, amma mənim şəklimi yandırmağında məna və səbəb tapmadığım üçün heç vaxt bağışlamayacağam. Mən ona ana sevgisi görmədiyi üçün qucaq açmışdım. Amma anasını pisləyən bir insanı necə bağışlamaq olar?
- Namiqin adını çəkdin. Namiqlə "Ferma"da cütlüklərdən biri idiniz. Niyə sona qədər davam etmədi münasibətiniz?
- Namiq "Ferma"da mənim üçün bir oyun idi. Onun hər kəsə oynadığı oyunu mənə də oynayacağını bildiyim üçün eynisini mən ona qarşı etdim. Yəni, özünün qurduğu tələyə özü düşdü. Amma Namiq bir şeyi unutdu: Məni sevə biləcəyini. Hətta "Ferma"dan çıxarkən iştirakçılara məni yola salmamağı tapşıran bir insan mənim oradan çıxmağımı səbirsizliklə gözləyib. Mən "Ferma"dan çıxandan sonra sosial şəbəkədə mənə mesaj yazdığını gördüm. Sonra biz keçmiş iştirakçı Mahirin vasitəsiylə qarşı-qarşıya gəldik. Bəzi məsələlərə açıqlama gətirdik. İndinin özündə hər şeyə yenidən başlamaq istəyən Namiqlə hazırda sadəcə keçmiş iştirakçı yoldaşım kimi danışıram. Heç dost belə deyilik. Sevgili isə heç bir zaman ola bilmərik. Aramızda yaş fərqi var. Bu mənim ona oynadığım oyun idi.
- Fermasız günlər necə keçir?
- Kədərli və sevincli. Sevdiyim insanlardan ayrıldım. İlk günlərdə onlar üçün çox darıxırdım, hətta geri qayıtmaq belə istəyirdim. Amma ailəmə qovuşdum. Sevincliyəm.
- "Ferma" həm də bu yarım illik zamanda sənə çox şeyləri öyrətdi...
- Bəli, böyük sınaq idi. Adətən bu fikri çox eşidirik ki, şəhər mühitində böyüyən insanlar kənd həyatına çətin uyğunlaşır, yaxud heç yaşaya bilməzlər və s. Mən bu fikrin tam əksini özümə isbat etmək üçün "Ferma"ya gəldim. Məncə, bacardım. "Ferma"da heç bir iş məni qorxutmadı. Hətta idarəçi olduğum dövrdə daha çox işlədim. Xatırlayıram ki, inək sağmağı bacarmırdım. Verilişin aparıcısı Yeganə Cansailin təkidi ilə bu işi də öyrəndim. Nərminin böyük köməyi oldu, o öyrətdi inək sağmağı mənə.
- "Ferma"da Günel ilə də yola getmirdin. Lakin indi yaxın rəfiqələr olmusunuz...
- Mən "Ferma"nı tərk edəndən sonra bəzi keçmiş iştirakçılarla bir araya toplandıq. Güneli də dəvət etdik. Gərginlik olmadan sakitcə hər şeyə aydınlıq gətirərək söhbət etdik. Aramızda dava olsa da onu heç vaxt pisləməmişəm. Hazırda ona zarafatla "knopkalı kuklam" deyirəm.
7News.Az








