RU
O da dərsə gedəcəkdi… əsrin bəlasına tutulmasaydı -
01:01
1482

O da dərsə gedəcəkdi… əsrin bəlasına tutulmasaydı -

Balaca qızcığaz aylarla səhv diaqnozun əzabını yaşayıb
9 yaşlı Həqiqət də yeni dərs ilində saçlarını anasına hördürüb, çantasını da kürəyinə atıb məktəbə gedəcəkdi, amma bunu edə bilmədi. Çünki nə hörüləcək saçı qalıb, nə ağır məktəbli çantasına tab gətirəcək sağlam beli, nə də yeriyəcək ayaqları. Onu qəfil yaxalayan leykoz xəstəliyi buna imkan vermir. Amansız xəstəlik bu ilin mart ayında özünü biruzə verib, balaca qızın birdən-birə belindən ağrı tutub. Bu barədə  anası Ayna Kərimova danışıb.
Özləri məcburi köçkündürlər, Sumqayıt çevrəsində məskunlaşıblar. Aynanın sözlərinə görə, bu ilin əvvəllərində uşaq soyuqdəymə keçirib, sonra belində ağrılar başlayıb. Əvvəlcə bunun adi xəstəlik olduğunu, öz-özünə keçəcəyini düşünüb, o qədər də təlaş keçirməyiblər. Sonradan uşaq yataqdan qalxa bilməyib, 20 gün belə davam edib. Axır ki, xəstəyə baş çəkən qonum-qonşunun məsləhəti ilə insafa gələn valideynlər onu Sumqayıtdakı 1 saylı uşaq xəstəxanasına götürüblər. Qıza soyuqdəymənin ağır forması diaqnozunu qoyublar. 2 aydan artıq müalicəsi bu xəstəliyinə qarşı olub, üstəlik uşağa pəhriz də saxlatdırıblar, bundan daha da zəifləyib. Deyir, orda da uşağın “evini yıxıblar”. Vəziyyətinin yaxşılaşmadığını görüb Bakıya götürüblər. Müxtəlif tibb ocaqlarında uşağa baxıblar, dərdi bilinməyib. Daha doğrusu həkimlərin başı çıxmayıb. Uşaq 4 ay yeriməyib, elə hey belindən şikayətlənirmiş. Sonda Qanköçürmə İnstitutuna götürüblər, orada məlum olub ki, leykozdur.

Ailənin imkanı olmadığından qohum-əqraba, tanıyan-tanımayan yardım edib, başlanğıcda xəstəxana xərclərini qarşılayıb. İlk dəfə bir xeyriyyəçi xanım 2 ay müddətinə bütün xərcləri üzərinə götürüb, heç adını da bildirməyib. Amma yardım da bir yerə qədər. Xəstəxanaların birində biabırçı hadisə də baş verib, məlum olub ki, Rusiyadan Həqiqətin müalicəsinə göndərilən pulun başına həkim necə deyərlər “daş salıb”, pulun bir hissəsini özü götürüb, bu barədə də onlara heç nə deməyib.
Xəstəlik hələ ki, uzun sürəcək kimi görünür, həkimlər müalicəsinin 2.5 il davam edəcəyini deyiblər. Uşaq daim kimyaterapiyanın umudunadır, hər həftə kimyəvi preparatlar bədəninə yeridilir. Xeyli müalicədən sonra artıq iki aydır ki, güclə də olsa yeriyə bilir. Müalicəni davam etdirmək üçün ailənin əlində-ovcunda heç nə qalmayıb, Ayna olan-qalan qızılını da satıb, xəstəxanalara, dərmanlara xərcləyib, övladını ayağa qaldırmaq üçün xərcləyib. Artıq satmağa nəsə yoxdur. Deyir, dərmanların da qiyməti çox bahadır, 30-50 manat civarında. Özü də onları xəstəxananın nəzarətində olan aptekdən alırlar. A.Kərimova: “Bahalı iynələri özümüz alırıq, amma bəzən olur ki, xəstəxanadan da verirlər. Bu adətən ayın əvvəlində bir dəfə gerçəkləşir, o da diribaş olub almaq lazımdır. Kim qabağa düşsə, onundur. Təsadüfən mənə düşəndə, 53 manatlıq həmin iynəni Həqiqətlə başqa uşaq arasında bölürük. Amma həkimin qalan yazdığı dərmanları özümüz alırıq. Axırıncı dəfə belə eləmişdik, növbəti həftələr həmin iynəni yenə özümüz alacağıq. 6 həftəlik bir kursa 1000 manat xərcləyirik”.
XX əsrin ən qorxunc xəstəliklərindən olan leykoz (qan xərçəngi) onkoloji xəstəliklər qrupuna aid, qan yaradıcı sistemin şiş xəstəliyidir. Bu xəstəlik zamanı əsas qanyaradıcı orqan olan sümük iliyində şiş hüceyrələrin inkişafı normal qanyaranmanın qarşısını alır, qırmızı qan kürəciklərinin miqdarı tədricən azalaraq elə bir həddə çatır ki, qan “ağarır”. Bu xəstəlikdə təkcə qırmızı qan kürəcikləri deyil, eyni zamanda həyat üçün vacib olan normal leykositlərin və trombositlərin də miqdarı kəskin azalır, nəticədə müxtəlif xarakterli qanaxmalar, infeksion fəsadlar üzə çıxır. Bu bədxassəlik ilk növbədə sümük iliyində yaranır və sonralar bədənin digər orqanlarına sirayət edir. Ümumdünya səhiyyə statistikasına görə, dünyada hər 100 min insandan 13-ü bu xəstəliyə tutulur. Ancaq potensial olaraq hər kəs bu xəstəliyə tutula bilər. Bunun üçün sadəcə şərait yaranmalıdır və şəraiti həm daxili, həm də xarici amillər stimullaşdırır. Bütün insanlar anadan onkogenlə doğulur və bu şiş hüceyrəsi yaradan geni ömrü boyu daşıyır. Normal halda genin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi orqanizm tərəfindən idarə olunur. Belə ki, orqanizm müxtəlif təsir mexanizmindən istifadə edərək genin aktivləşməsinin qarşısını alır. Ancaq bir çox amillərin təsiri altında gen aktivləşə bilir və xəstəliyin yaranmasına səbəb olur. Xarici amillər içərisində ekoloji amilləri, xüsusilə də radiasiya, kimyəvi maddələrin məişətdə tətbiqini qeyd etmək olar.

Radiasiya amilinin gen aparatına göstərdiyi dağıdıcı təsir mutasiya dəyişikliklərinin yaranmasına təkan verir və xəstəliyə səbəb olur. Burada yaş həddi nisbidir, leykoz xəstəliyi adı altında qanın çoxlu onkoloji xəstəlikləri cəmləşir: kəskin leykoz, xroniki leykoz, limfoblast və mieloblast leykozlar. Bu xəstəliklərin hər bir növü müxtəlif yaş qruplarında fərqli rast gəlinir. Məsələn, kəskin limfoblast leykozlar (KLL) uşaqlar arasında 70-80 faiz rast gəldiyi halda, xroniki mieloblast leykoz (XML) əksinə, böyüklər arasında geniş yayılıb. Xəstəliyin rast gəlmə tezliyi demək olar bütün yaşlar üçün eynidir, ancaq hansı formanın olmasının yaş qrupları üçün əhəmiyyəti var. Keçən əsrin ikinci yarısına qədər leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılırdı. 80-ci illərdən başlayaraq bu xəstəlikdən birdəfəlik sağalma şansı yarandı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlar arasında kəskin leykozdan tam sağalma şansı 70-75 faiz təşkil edir. Həqiqətdə kəskin limfoblast leykozun nisbətən yüngül forması olan L 1-dir.

Bu ilin yazında Azərbaycanda 10 dövlət proqramı üzrə müəyyən qrup xəstələrin pulsuz dərmanlarla təmin olunması üçün dövlət büdcəsindən vəsait ayrılır. Bunlara “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”, “Şəkərli diabet üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə”, “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları", “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” daxildir.

Dedik ki, leykoz onkoloji xəstəliklər qrupuna aiddir. “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı var və həmin dərmanlar siyahısı olan cədvəli oxuculara təqdim etmişdik. Ayna mənə aptekdən pulla aldıqları dərman preparatlarından “Riboksin”in adını oxuya bildi ki, bu da pulsuz verilməli olan siyahıda var. Onkoloji xəstələrdən birinin resepti ilə tanış olmuşdum, 20-yə yaxın dərmandan çoxu eyni təyinatlı idi. Həmin preparatların eyni vaxtda həqiqətən bir xəstəyə vurulduğu və ya yenidən xəstəxananın nəzarətində olan aptekə qaytarıldığını bir Allah bilir, bir də o resepti yazan həkimlər. Qanunvericilik isə onkoloji xəstələrin pulsuz müalicəsini özündə ehtiva edir. "Onkoloji yardım haqqında" Qanunun tətbiq edilməsi barədə" Prezidentin 442 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası" haqqında 20 dekabr 2006-cı il tarixli 266 saylı qərarına əsasən onkoloji xəstələr NK tərəfindən müəyyən edilmiş siyahı əsasında dərman vasitələri ilə təmin olunurlar. Onkoloji xəstələr dərman vasitələrini, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatları almaq üçün onlara qeydiyyatda olduqları ambulator-poliklinika müəssisəsi (onkoloji dispanser və ya ərazi poliklinikasının onkoloji kabinetində fəaliyyət göstərən həkim onkoloq) tərəfindən 2 nüsxədən ibarət resept yazılır. Pulsuz dərman Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində göstərilir. Onkoloji xəstələr üçün spesifik dərman preparatları ilə təyin olunan müalicə 21 günlük intervalla, 6 kursdan az olmamaq şərti ilə aparılır. Onkoloji xəstələr tibbi göstərişlər əsasında yazılmış həkim resepti ilə zəruri miqdarda narkotik və qeyri-narkotik ağrıkəsici preparatlar ala bilərlər. Onların dərman vasitələri ilə təminatı xüsusi resept əsasında ambulator-poliklinika müəssisəsinin (onkoloji dispanser və ya ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsi ilə həyata keçirilir. Onkoloji xəstələrin resept əsasında pulsuz aldıqları dərman vasitələrinin dəyəri vətəndaşın yaşadığı ərazi üzrə müvafiq səhiyyə orqanının büdcə vəsaiti hesabına ödənilir.

Onkoloji xəstələrin dərman təminatı ilə bağlı xüsusi dövlət proqramının maliyyələşdirilməsinə 2012-ci ildə 21 milyon, 2013-cü ildə 31 milyon, 2014-cü ildə 39 milyon manat vəsait ayrılıb. Ekspertlərə görə ehtiyacların qiymətləndirilməsi üzrə ortada hər hansı tədqiqatın nəticəsi yoxdur. Yəni ayrılan vəsaitlərin çox və ya az olduğunu demək ona görə çətindir ki, ölkədə onkoloji xəstələrin sayı və onların dərman ehtiyaclarının nədən ibarət olduğu ictimaiyyətə naməlumdur. Odur ki, onkoloji xəstələrin pulsuz dərman təminatında şəffaflıq yoxdur. Qeyd edim ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil xəstələr də dərman preparatları və tibbi ləvazimatlarla təmin olunmalıdırlar. Ölkədə stasionar müalicə alan bütün xəstələrə 166 adda dərman vasitəsi, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatı pulsuz paylanılır.

Balaca Həqiqətin ailəsi də imtiyazlı qrupa daxildir, Laçın rayonundan məcburi köçkündür. Bütün bunlar deməyə əsas verir ki, Həqiqətin müalicəsi dövlət hesabına aparılmalıdır, ayrı-ayrı şəxslərin yardımı ilə yox. Sabah (bu gün) Həqiqət yenə kimyaterapiya alacaq. Eyni gündə evə müəllim də gələcək ki, qızcığaz dərslərindən geri qalmasın, sağalıb yenə məktəbə getsin.../bizimyol

7news.az

Mövzuya dair fotolar 

O da dərsə gedəcəkdi… əsrin bəlasına tutulmasaydı - FOTOLAR
O da dərsə gedəcəkdi… əsrin bəlasına tutulmasaydı - FOTOLAR
O da dərsə gedəcəkdi… əsrin bəlasına tutulmasaydı - FOTOLAR
O da dərsə gedəcəkdi… əsrin bəlasına tutulmasaydı - FOTOLAR

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ