Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, "Techmarin LTD” şirkətinin payçısı Səhrab Abdullayev istintaqa verdiyi ifadəni təkzib edib və təqsirləndirilən şəxslərin hər hansı təzyiqə məruz qalmadığını deyib: "Məndən şirkətin digər payçısı Arif Həsənov şikayət etmişdi. O, MTN-ə demişdi ki, guya, mən "İŞİD”ın üzvüyəm. Arif Həsənov özü şirkətdə qanunsuz işlərlə məşğul idi. Gəmilərdən yağ oğurlayıb əvəzində su tökürdü, liftə kamera qoyub qadınlara baxırdı, hətta oğlu orada qadınların birini zorlamışdı”.
Prosesdə fasilə elan olunub.
Qeyd edək ki, "Techmarin LTD” şirkəti gəmi təmiri ilə məşğul olub. İttihama görə, həbsdə olan MTN polkovniki Füzuli Əliyev onu nazirliyə çağırıb hədələyərək 500 min manat alıb.








