Şəmkirdə 55 yaşlı qadını qızıllarını ələ keçirmək üçün boğub, daha sonra 3 bıçaq zərbəsi ilə öldürən Rəşad Tağıyevə hökm oxunub.
"Kriminalqafqaz” məhkəmə materiallarına istinadən qətlin təfərrüatlarını əldə edib.
Hadisə 2021-ci ilin aprelin 5-də rayonun İrmaşlı kəndində baş verib. Belə ki, kənd sakini 1979-cı il təvəllüdlü Rəşad Tağıyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə 1966-cı il təvəllüdlü Aybəniz Alıyevanı bıçaqlayaraq öldürüb.
Rəşad Tağıyev məhkəmə iclasında ifadə verməkdən imtina edib. Buna görə də, onun istintaq zaman verdiyi ifadə əsas götürülüb. Belə ki, o, həmin ifadədə bildirib ki, mərhumla onun atası doğma əmioğlu olub. Aralarında heç bir ədavət və düşmənçilik olmayıb:
"Onun qızlarının əxlaqsız həyat tərzi sürdüyü bütün kəndə yayılmışdı. Bununla bağlı dəfələrlə onlarla söhbət etmişdik. Hadisə baş verən gün mən işdən gələndə aldığım 250 qramlıq spirtli içkini yemək yeyərkən içdim. Daha sonra evdən çıxıb kafeyə getdim və orda da 4 bokal pivə içdim. Axşam da öz tanışlarımla görüşüb "Kəmər qaya" adlanan yerə gedərək yeyib-içdik. Həmin vaxt mən 3 litr pivə içdim. Oradan qayıdanda da yolda pivə aldım və bir litr içdim.
Daha sonra Aybənizin evinə getmək qərarına gəldim. Tanışlarımdan ayrılıb onun evinə getdim. Həyətində it olduğuna görə darvazadan yox, dəmir torlu hasardan keçdim. Aybənizin eşitmə qabiliyyəti zəif idi. Buna görə heç qapını da döymədən evə girdim. O qaz sobasının yanında oturub isinirdi. Arxası mənim tərəfə idi. Mən də bir stəkan çay süzüb içdim. Sonra ona hasarın çöl tərəfinə tikanlı kolu yığıb yolu daraltdığına və gediş-gəlişə mane olduğuna görə irad bildirdim.
O da mənə əxlaqsız ifadələr işlədərək cavab verdi. Bundan sonra onu öldürmək qərarına gəldim. Cibimdə olan fəhlə əlcəklərini geyinib telefon şunurunu tokdan çıxardım. Arxa tərəfdən ona yaxınlaşıb boğmağa başladım. O mənə müqavimət göstərdiyinə görə boğa bilməyəcəyimi düşünüb, daha sonra qapının arxasındakı pol ağacını götürərək onunla boğmağa davam etdim. Öldüyündən əmin olmaq üçün masanın üzərindəki mətbəx bıçağı ilə bir neçə dəfə sinəsindən zərbə vudum”.
Rəşad Tağıyev ifadəsində bildirib ki, Aybənizin öldüyündəm əmin olandan sonra onun üzərində olan qızılları götürüb:
"Onun boynundakı sepi, əlindəki iki üzüyü və qulağındakı sırğasını açıb götürdüm. Sonra da orda olan əski ilə qan izlərini və əlimin toxunduğu hər yeri sildim. Onu öldürərkən istifadə etdiyim telefon şunurunu və bıçağı da əmimgilin tualetinə atdım. Bundan sonra evə gedib yatdım. Səhər tezdən durub şəhərə getdim. Qızılları 1525 manata satdım, o pulla özümə paltar və telefon aldım. Daha sonra kafeyə gedib yemək yedim və 18 butulka pivə içdim.
Sərxoş olduğum üçün kafedəkilərin də çay pulusunu mən vermişəm. Sonra arvadım zəng edib Aybənizin evdə ölü tapıldığını dedi. Mən də sərxoş olduğumu və kəndə gələ bilmədiyimi dedim. Daha sonra polis gəlib məni apardı”.
Məhkəmə iclasında ifadə verən mərhumun qızı bildirib ki, Rəşadın onlar haqqında dedikləri əsassızdır. O, bunu özünü müdafiə etmək üçün deyib:
"Mən 2016-cı ildə ailə qurduqdan sonra Rusiyada yaşadım. 2018-ci ildə həyat yoldaşım cinayət törətdiyi üçün həbsə düşdü. Bundan sonra mən ondan ayrılaraq öz ata evimə qayıtdım. Bir il anamla yaşayandan sonra Şəmkir şəhərində olan qohumlarımızla qalıb işləmə başladım. Mənim bir bacım da var, o, anamla yaşayırdı. Amma hadisə baş verən vaxtda o mənim yanımda idi. Anam evdə tək və köməksiz olub. Bizə onun öldüyünü qonşu zəng edərək dedi. Mən gələndə anamın üzərində qızılları yox idi. Amma bilirdim ki, anam qızılı sevdiyi üçün daim üzərində qızıl əşyalar gəzdirir. Bundan başqa stolun üstündə qənd var idi. Anam qəndlə çay içməzdi. Bütün bunları görəndən sonra ilk ağlıma cinayəti Rəşadın törətdiyi gəldi. Çünki o evimizə tez-tez gəlirdi. Anamın heç kimlə düşmənçiliyi olmayıb. Hadisə də tamamilə tamaha görə olub”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətə azadlıqdan məhrum edilib.
7NEWS.Az








