RU
Onun həbsi Azərbaycanı saymayanlara İBRƏT DƏRSİ OLACAQ
11:52
478

Onun həbsi Azərbaycanı saymayanlara İBRƏT DƏRSİ OLACAQ

"Lapşinin həbsi o birilərini də düşünməyə məcbur edəcək".

"İnterpolla barəsində axtarış elan edilmiş, Rusiya və İsrail vətəndaşlığı olan bloqer Aleksandr Lapşin həqiqətən də Azərbaycana verilməli idi. O, ilk dəfə Azərbaycanın rəsmi icazəsi olmadan Dağlıq Qarabağ ərazisinə gizli getməklə yanaşı, bundan sonra onun ölkəmizə gəlişinə qadağa qoyulmasına baxmayaraq, Azərbaycanı lağa qoyurmuş kimi ikinci dəfə də oraya səfər etmişdi, özü də Ukrayna pasportu ilə.

Lapşinin Azərbaycana ekstradisiya edilməsi həm Azərbaycan-Belarus münasibətlərinin çox yüksək səviyyədə olduğunun, həm də Belarus dövlətinin prinsipial mövqedən çıxış etməsinin göstəricisidir".

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Azərbaycan-Rusiya və Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, politoloq Rasim Musabəyov deyib.

Millət vəkilinin fikrincə, Lapşinin cəzalandırılması çoxlarına ibrət dərsi olacaq: "Ola bilər ki, Rusiya və ya İsrailin Lapşinlə bağlı hansısa istəkləri olsun. Amma düşünmürəm ki, Azərbaycan Lapşinə ağır cəza verəcək. Lakin onun Azərbaycan sərhədlərini pozduğuna və ölkəmizin işğalçıların nəzarətində olan hissəsinə qeyri-qanuni səfərlər etdiyinə görə bu vəziyyətə düşməsi faktı hamı üçün bir ibrət dərsi olmalıdır. Hər halda eyni addımı atmaq istəyənlər bundan sonra bu barədə daha ciddi düşünərlər. Lapşinə burada heç ağır cəza verilməsə belə, düşünürəm ki, onun Belarusda saxlanması və Azəbaycana təhvil verilməsi özlüyündə çoxlarını oxşar addımları atmaqdan yayındıracaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqer Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib.

A.Lapşin "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün "http//puerrtto.livejournal.com" internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

O, Azərbaycan tərəfinin tələbi ilə 2016-cı il dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Əlavə edək ki, A.Lapşinin Rusiya ilə yanaşı, İsrail vətəndaşlığı da var. Bundan başqa, onun Ukrayna pasportu da var.//milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ