Bu gün Bakı Apelyasiya Məhkəməsində oğurluqda təqsirləndirilərək 4 il 6 ay müddətinə azadlıqda məhrum edilən Cavid Hüseynovun şikayətinə baxılıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda C.Hüseynov çıxış edib.
O deyib ki, yalnız cibgirliklə məşğul olub və 6 nəfərin cibindən oğurluq edib: “Onların 5-nə oğurladıqlarımı qaytarmışam, cəmi 1 oğurluğum qalıb. Mənə minimum cəza veriləcəyinə ümid edib o biri cinayətləri də açıb danışdım. Əslində polislər digər 5 cinayətimi bilmirdi. Oğurladıqlarımı da qaytardım ki, cəzam yüngül olsun. Qaytarmasaydım nə qədər cəza veriləcəkdi? Bilsəydim cəza bu qədər olacaq, qaytarmazdım”.
Təqsirləndirilən şəxsin vəkili çıxış edərək onun ittiham olunduğu Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq; təkrar törədildikdə) maddəsi üzrə ən aşağı cəzanın verilməsini, yəni C.Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror cəzanın qüvvədə saxlanılmasını müdafiə edib.
Məhkəmə kollegiyası müşavirədən sonra qərarı elan edib və Cavid Hüseynovun şikayəti təmin edilməyib, ona verilən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb/qafqazinfo
7News.Az








