7News.az saytının məlumatına görə, İnna Osipenko-Radomskaya millimizin medal sayını artırmağa çalışacaq.
İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə gücünü 500 metr məsafədə sınayır. Dördüncü seçmə qrupda çıxış edən xanım idmançımızın bu mərhələdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.
Milliləşdirilmiş legionerimiz finiş xəttinə 1 dəqiqə 51,750 saniyəyə çatmaqla, 4-cü yürüşün deyil, təsnifat mərhələsinin birinci olub. O, ən yaxın izləyicisini 0,443 saniyə qabaqlayıb.
Təmsilçimizin yüksəldiyi yarımfinal mərhələsi saat 18:17-də başlanacaq. Yarımfinalda ilk 2 yeri tutanlar və 3-cü yerin sahibləri arasında 2 ən yaxşısı həlledici mərhələyə adlayacaq. Final mərhələsinin yürüşü isə avqustun 18-də saat 17:11-də başlanacaq.








