Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
7news.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva prezidetin bu fərmanına münasibət bildirib. Deputat bu qərarın sahibkarlığın inkişafına birbaşa təsir göstərəcəyini qeyd edib:
“Cənab Prezidentin lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutan Fərmanı mühüm bir addımdır və sahibkarlığın inkişafına özünün böyük müsbət təsirini göstərəcək.
Eyni zamanda verilən tapşırıqlara uyğun olaraq bu gün cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini göndərməsi sahibkarlar üçün, sahibkarlığın inkişafı üçün çox önəmli bir hadisə, böyük addımdır”.
Qənirə Paşayeva bu layihənin Milli Məclisdə dəstəklənəcəyini vurğulayıb:
“2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı qanun layihəsinin sabah Milli Məclisdə hamı tərəfindən dəstəklənəcəyinə inanıram. Çünki qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı istiqamətində çox gözəl və mühüm addımdır. Dəstəkləyirik, seçicilərimiz və öz adımızdan cənab Prezidentimizə təşəkkür edirik”.
7news.az








