Pakistanın Pəncab əyalətinin Attok rayonunda məktəb avtobusuna silahlı hücum nəticəsində ən azı 2 uşaq ölüb, 5 nəfər isə yaralanıb.
Bu barədə "Geo TV" telekanalı Attok şəhərinin rəhbərinin müavini Rao Atif Razaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, insident hücum edənlərin məktəb avtobusunun sürücüsünə qarşı şəxsi düşmənçiliyi səbəbindən baş verib. Aldığı xəsarətlərə baxmayaraq, sürücü sağ qalıb.
Polis və şəhər rəhbərliyi hadisə yerindən qaçan cinayətkarların axtarışını həyata keçirir.
Pakistan Prezidenti Asif Əli Zərdari hücumu pisləyib və təqsirkarlara qarşı sərt tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.








