RU
12:50
524

"Paşinyan bunu etsə, ən təhlükəli düşmənini tapa bilər"

"Paşinyanla Putin artıq 10-a yaxın görüş keçirib. Ən azı 7-8 dəfə müzakirələr aparıb. Paşinyan bundan sonra anladı ki, bu keçid mərhələsində böyük dəyişikliklər etmək iqtidarında deyil. Əksinə, Rusiyanı qıcıqlandırmamalıdır. Ölkəsinin daxilindəki rusiyapərəst qüvvələri özünə qarşı çıxarmaq istəmir. Buna görə də çalışır ki, Rusiya ilə münasibətlərinə yeni istiqamət açsın. Ölkəsi üçün də kifayət qədər yaxşı şəraitlər yaratsın. Elə bu kontekstdə də Qarabağ məsələsinin həllini Rusiyadan asılı görür. Çünki Rusiya Azərbaycanın bölgədə xüsusi rolunu qeyd edir. Azərbaycanla daha geniş münasibətlərə meyl göstərir. Ona görə də Rusiya çalışacaq ki, sərhədləri yaxınlığında münaqişəli vəziyyətləri dəf etsin. Onlarla bağlı münasib mexanizm işləsin”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Moskvaya səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, hazırda ABŞ-la Rusiya arasında böyük rəqabət var. Ermənistan da bu iki istiqamət arasında tərəddüddədir:

"Con Bolton təklif etmişdi ki, əgər Ermənistanın siyasi rəhbərliyi razılıq verərsə, ABŞ Qarabağ münaqişəsinin nizamlanmasında yaxından iştirak edib kömək göstərsin. Lakin burada ABŞ-la Rusiya arasında böyük rəqabətin olduğu sirr deyil. Birincisi, Ermənistan postsovet məkanına daxil olan ölkədir. ABŞ-ın da qayəsi ondan ibarətdir ki, həmin bölgədə - Rusiyanın sərhədləri yaxınlığında möhkəmlənsin. Təsadüfi deyil ki, Paşinyan inqilabının ilk günlərindən Avropa və Amerika bu inqilabı dəstəkləyirdi. Onlar indiyə qədər də çalışırlar ki, Ermənistanda Rusiyanın imkanlarını məhdudlaşdırıb öz dayaq nöqtələrini möhkəmləndirsinlər. Paşinyan isə əvvəlcə özünü elə göstərdi ki, həqiqətən də, Rusiyanı öz ölkəsindən kənarlaşdırıb onun yerinə qərbin qüvvələrini gətirsin. Amma proses əsnasında bəlli oldu ki, bu, Paşinyanın öhdəsindən gələ biləcəyi iş deyil. Çünki Rusiya Ermənistana o dərəcədə nüfuz edib ki, onun rıçaqlarını əlindən almaq mümkün deyil. Digər tərəfdən Rusiya imkan vermir ki, Paşinyan siyasi baxımdan öz məqsədlərini aydınlaşdırıb ölkəsinin xarici vektorunu müəyyən etsin. Çünki Rusiya ona, Qərb dövlətləri və Avropa İttifaqına ayrılacaq yerlər üçün narahat idi. Lakin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq asan məsələ olmadı. Ən azı ona görə ki, Ermənistanda o siyasi təpər yoxdur. Digər tərəfdən bu ölkənin iqtisadi-sosial kompleksi Rusiya şirkətlərinin əlindədir. Nəhayət, Rusiyanın Ermənistanda və bölgədə güclü hərbi-siyasi maraqları var. 102 saylı Gümrü hərbi bazası Rusiyanın əsas dayaq nöqtələrindən biridir. Bütün cənub istiqamətinin problemlərini əhatə edir. Ona görə indi Rusiya dekabr seçkilərindən sonra Paşinyana bildirdi ki, o, gərək siyasi prioritetlərini və əsasən, ölkəsinin xarici siyasət istiqamətini müəyyən etsin. KTMT-də qalacaqmı, yoxsa NATO-ya üz tutacaqmı? Avrasiya İqtisadi Şurasından çıxmaq niyyəti varmı? Çıxacaqsa, onda Avropa İttifaqı ilə assosiativ sazişin tələblərinə uyğun olaraq iqtisadi əməkdaşlığı genişləndirəcəkmi? Bu baxımdan, Rusiya ilə bağlı Paşinyanın çox böyük gözləntiləri var. Çünki Rusiya Ermənistandan elə-belə çıxıb gedəsi deyil. Paşinyan anladı ki, Rusiyanı ölkəsindən çıxarmaqla məsələ həll olunmayacaq. O, Rusiya ilə dil tapmalıdır. O, münasibətlərini yenidən qurmalıdır və sərt qərbyönümlü siyasət aparmalı deyil. Əgər bunu etsə, Rusiyanın timsalında özünün ən təhlükəli düşmənini tapa bilər”.

 

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ