"Əgər Paşinyan bu səs çoxluğunu öz xeyrinə təmin edə bilməzsə, o zaman təkcə xarici siyasət və Dağlıq Qarabağ məsələsi ilə bağlı deyil, bötövlükdə Paşinyan siyasətilə bağlı ziddiyyətli məqamlar ortaya çıxacaq”.
Bu fikirləri Publika.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli səsləndirib.
Ermənistanda 9 dekabr növbədənkənar parlament seçkiləri ilə bağlı danışan politoloq bildirib ki, seçkiqabağı vəziyyətin mürəkkəbliyi göz önündədir:
"Təbii ki, Paşinyanın əleyhinə olan qüvvələr də kifayət qədər ciddi təbliğat aparırlar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburq sammitinin təxirə salınması və təşkilata bağlı Rusiya tərəfindən səsləndirilən açıqlamalar da Paşinyanın əleyhinə Ermənistan cəmiyyətində ziddiyyətli mövqelərin yaranmasına səbəb olub. Nikol Paşinyan seçkilərdə uğur qazanacaqsa da, bu, parlamentdə səs çoxluğunun əldə olunmasına qədər reallaşmayacaq. Çünki digər qüvvələr də bu prosesdə aktiv şəkildə iştirak edirlər və Paşinyanın seçki prosesinə tam nəzarət etmək potensialı, imkanları yoxdur.

Bundan başqa, parlamentdəki qüvvələr nisbətindən çox şey asılı olacaq. Paşinyan parlamentdə mütləq hakimiyyətə sahiblənəcəksə, yalnız o zaman onun fərqli davranışlarının şahidi ola bilərik. Yox, əgər bu, baş verməyəcəksə, Ermənistan parlamentində bir sıra məsələlər, o cümlədən, Dağlıq Qarabağ problemi ilə bağlı siyasi oyunların davam etdirilməsinin şahidi olacağıq. Çünki fundamental qərarlar Ermənistan konsitutsiyasına uyğun olaraq səs çoxluğu ilə qəbul olunur. Əgər Paşinyan bu səs çoxluğunu öz xeyrinə təmin edə bilməzsə, o zaman təkcə xarici siyasət və Dağlıq Qarabağ məsələsi ilə bağlı deyil, bötövlükdə Paşinyan siyasətilə bağlı ziddiyyətli məqamlar ortaya çıxacaq”.
7News.Az








