"Xaricdən idarə olunan səhifələr ölkəmizdəki insanlarla müxtəlif yollarla tanış olurlar. Onların problemləri və qayğıları ilə maraqlanırlar. Hər hansı bir çətinliyi olana müəyyən məbləğdə pul təklif edirlər. Həmin şəxslər artıq onların əlaltılarına - narkotacirlərin kuryerlərinə - çevrilirlər. "Patı" adlanan narkotik vasitə çox tez asılılıq yaratdığı üçün ilk dövrlər ziyana belə gedərək ucuz qiymətə satılır. Onsuz da müxtəlif yollarla əldə etməyə çalışacaqlar".
7NEWS.Az xəbər verir ki, bunu polis mayoru Ağgül Həmdizadə "patı", "şüşə" və metanfetamin psixotrop tərkibli narkotik vasitələrin yayılma səbəbləri haqda danışarkən deyib.
"Elmi-texniki nailiyyətlər bizim həyatımızı rahatlaşdırsa da, çox təəssüf ki, bəzi qüvvələr bundan öz cinayətkar əməllərinin həyata keçirilməsi üçün istifadə edirlər. Buna əsasən, cinayətkarlığın forma, o cümlədən metodları gündən-günə dəyişilir və onlar da inkişaf edir. Çox təəssüflər olsun ki, belə narkotik vasitələr və psixatrop maddələr sosial şəbəkələr vasitəsilə təmassız yolla insanlara təklif edilir. Satışla məşğul olan səhifələrin əksəriyyəti xarici ölkələrdə yaradılır və oradan idarə olunur. Bunların hamısı tərəfimizdən xüsusi texniki vasitələrin köməkliyi ilə aşkar olunur. Deyərdim ki, sosial şəbəkələrin əksər səhifələri fəaliyyət göstərməyən saxta profillərdir. Hər bir halda əməliyyat marağı doğurduğu üçün feyk profillər də yoxlanılır", - o bildirib.
7NEWS.Az








