Bir müddət öncə bir çox təqaüdçülərin pensiyalarının verilməsi dayandırılıb. Bu da insanlarda narazıçılığa səbəb olub. Elə insanlar var ki, iş qabiliyyətləri olmadığı halda pensiya ala bilmirlər. Bəs dayandırılan pensiyalar bərpa olunacaqmı? Əgər həmin şəxslərə yenidən pensiya təyin olunsa, onlar almadıqları müddətin də pulunu ala biləcəklərmi?
Bununla bağlı Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İbrahimov İlkin açıqlama verib.
O bildirib ki, əlilliklə bağlı müraciət varsa, insan həkim tərəfindən müayinə edilir:
"Əgər əlillik varsa, yenidən pensiya təyin olunur. Şərtlərdən biri budur ki, yenidən əlillik müayinəsindən keçsinlər. Reabilitasiya olunublarsa, əlbəttə ki, onlara yenidən əlillik təyin olunmayacaq. Yox, əgər xəstəlik yenə davam edirsə, yenidən əlilliyin təyin olunmasına səbəblər varsa, təbii ki, əlillik təyin olunur və həmin şəxslər pensiya almağa davam edirlər".
Pensiyaları dayandırılan xərçəng xəstələri barədə isə İlkin İbrahimov bunları deyib:
"Əlillik müddətlə təyin olunur, müddətin sonunda yenidən müraciət olunması şərtdir. Yəni birinci dəfə əlillikləri müddətli verilibsə, ikinci dəfə təkrar müraciət olunmalıdır. Əgər əlillik müddətsiz verilibsə, heç kəsin pensiyası dayandırıla bilməz. Əlillik bərpa olunduğu tarixdən həmin şəxs pensiya alacaq. Belə bir qanun layihəsi qəbul edilib ki, əgər aktiv müraciət varsa, pensiyaçı 6 ay ərzində almadığı pulunu da ala bilecək".








