RU
Politoloq: Paşinyan danışıqların baş tutmayacağı an üçün şərhlər hazırlayır
15:26
421

Politoloq: Paşinyan danışıqların baş tutmayacağı an üçün şərhlər hazırlayır

Oxu.Az-ın məşhur rusiyalı politoloq, Siyasi və iqtisadi kommunikasiyalar agentliyinin aparıcı analitiki Mixail Neyjmakovla müsahibəsi:

- Ötən ilin dekabrında Milanda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Qarabağ məsələsi üzrə görüşü keçirilib. O zaman Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov nikbin şəkildə "biz uzun müddət ərzində ilk dəfədir ki qarşılıqlı anlaşmaya nail olduq” bəyanatını vermişdi. Siz necə hesab edirsiniz, bunlar sadəcə olaraq, ümumi sözlərdir, yoxsa konkret addımlara əsaslanır?

- Danışıqlar prosesində irimiqyaslı təkanın hazırlanması əksər hallarda tərəflərin çox ehtiyatlı bəyanatları ilə müşayiət olunur. Bu mənada, İlham Əliyev və Nikol Paşinyanın Davosdakı görüşdən sonra təmkinli şərhləri ciddi gözləntilər üçün daha çox səbəb yaradır.

Tərəflərin yanvar ayındakı görüşməsi bu gözləntiləri daha da çoxaldıb. ATƏT-in Minsk qrupunun yanvar ayında Parisdəki danışıqların nəticəsinə əsasən, "əhalinin sülhə hazırlanması üçün konkret tədbirlərin görülməsi zərurəti” və "regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş qarşılıqlı təşəbbüslərin vacibliyi” kimi bir çox müşahidəçi tərəfindən müzakirə olunan açıqlamaları bu cür proqnozlar üçün əlavə bir imkan yaradır.

Müqayisə üçün xatırlayaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin təqribən bir il əvvəl 2018-ci ilin yanvarında baş tutmuş görüşünün nəticələrinə əsasən verdikləri bəyanatda daha çox taktiki anlara diqqət yetirilirdi (məsələn, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və təmas xəttində vəziyyət).

- Qeyd etdiyiniz kimi, sonra həmin şəxslərin Parisdə görüşü baş tutdu və ATƏT Minsk qrupunun həmsədrləri xalqların sülhə hazırlanması, həmçinin, iqtisadi aspektlər haqqında çıxışlar etməyə başladılar. Sizcə, həqiqətən də, münaqişənin həlli yaxınlaşır?

- Hələlik ehtimal etmək olar ki, Bakı və Yerevan, həqiqətən də, iki ölkə münasibətlərinin mülayimləşməsinə doğru istiqamət götürüblər. Həmçinin, cəmiyyətlər içində bir-birinə doğru addım atmağın mümkünlüyü haqqında ictimai fikir də təhlil edilir. Ermənistan İctimai Televiziyasının iki xalqın müharibədən öncə sülh şəraitində yaşadıqları haqqındakı süjetini hər kəs şərh etmişdi. Bu cür taktikanın digər nümunəsi də var.

Xatırlayaq, dekabr ayında parlament seçkilərindən dərhal sonra N.Paşinyan Türkiyə ilə "ilkin şərtlərsiz birbaşa münasibətlər” qurmağa hazır olduğunu bəyan etmişdi. O, bunu 2018-ci ilin yayında "Əl-Cəzirə”yə müsahibəsində də demişdi. Buna baxmayaraq, baş nazir vəzifəsini icra edən N.Paşinyanın dekabr ayındakı bəyanatının əlavə bir stimulu da ola bilərdi ki, bu da Ermənistanda birmənalı şəkildə qəbul edilməyən təkcə Ankara ilə deyil, Bakı ilə də danışıqların aktivləşdirilməsinə ictimai fikrin yoxlanılmasıdır.

- Ermənistanın yeni rəhbərliyinin real güzəştlərə gedəcəyini gözləməyə dəyərmi?

- Münaqişənin həllində daha kardinal irəliləyişlərə mane olan faktorları unutmaq lazım deyil. Xüsusilə hələ də problemli olan Rusiya-ABŞ münasibətləri fonunda Yerevanı Qarabağ məsələsində ciddi güzəştlər getməyə məcbur etmək Moskva üçün də riskli taktika ola bilər, axı ABŞ bu vəziyyəti Rusiyanın Ermənistana təsirinin azalması üçün istifadə edə bilər.

N.Paşinyana təsir edən daxili siyasi faktorları da inkar etmək lazım deyil. Gəlin, onunla həmfikir olan Sasun Mikaelyanın "məxməri inqilab”ı Qarabağ müharibəsindən üstün hesab etməsi haqqındakı bəyanatı ətrafındakı qalmaqalı xatırlayaq. Lakin risk baxımından bu süjet indiki erməni baş nazir üçün Qarabağ məsələsində güzəştlərə onun həmvətənlərinin mümkün reaksiyası ilə yaxın dura bilməz.

Onun rəqiblərinin danışıqlar prosesi "Azərbaycanın ssenarisi üzrə davam edir” (Ermənistan Milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib) kimi bəyanatları çətin ki hazırda Paşinyana zərər versin.

N.Paşinyanın bəzi addımları ehtimal etməyə imkan verir ki, o, artıq indidən danışıqların baş tutmayacağı an üçün də şərhlər hazırlayır. Məsələn, erməni mətbuatında baş nazirin "Daşnaksütyun” toplantısına təbrik ünvanlaması müzakirələrə səbəb oldu.

Ola bilər ki, bu, sadəcə, formallıq idi. Lakin ola bilər ki, N.Paşinyanın Qarabağ məsələsində sərt mövqe tutan parlamentdən kənar qüvvələrə müraciət etməsi, danışıqların gedişatının Ermənistanın baş naziri üçün həddindən artıq riskli olacağı təqdirdə beynəlxalq vasitəçilərə danışıqların kəsilməsinin mümkünlüyünü izah etmək istəyi ilə əlaqədar ola bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ