RU
Polkovnik Baxışov:
22:30
1540

Polkovnik Baxışov:

"Əgər Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatlar başlasa, onun nə qədər davam edəcəyini indidən söyləmək olmaz. Çünki bu, şəraitdən asılı olacaq. Ona görə də bununla bağlı öncədən dəqiq proqnoz vermək mümkün deyil. Çünki işğal olunmuş torpaqlarımızın əksər hissəsi dağlıq ərazilərdən ibarətdir. Amma buna baxmayaraq, Silahlı Qüvvələrimiz torpaqlarımızı Ermənistanın işğalından azad etməyə tam qadirdir".

Bunu  açıqlamasında hərbi ekspert, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Xətai Baxışov deyib.

X. Baxışov qeyd edib ki, o, aprelin 2-dən bəri cəbhə boyu ərazilərdə artıq 3 dəfə olub. Sonuncu dəfə isə bir neçə gün əvvəl I Qarabağ müharibəsi veteranları və ehtiyatda olan zabitlərdən ibarət qrupla birgə yenə də cəbhə xəttinə gedərək ordumuzun şəxsi heyəti ilə görüşlər keçiriblər. Onlar üç gün ərzində cəbhənin müxtəlif istiqamətlərində öz bilik və bacarıqlarını gənc əsgər və zabitlərimizlə bölüşüblər:

"Düşmənlə üz-üzə dayanan oğullarımız bizi görəndə çox sevindilər ki, köhnə döyüşçülər onlarla bir yerdədirlər. Bu hisslər ikitərəfli idi. Çünki biz də onlarla birgə olduğumuza görə hədsiz sevinirdik. Biz gördük ki, onların əhval-ruhiyyələri və döyüş əzmi çox yüksək səviyyədə idi. Ordumuzda 25 il əvvəl də ruh yüksəkliyi var idi. Amma o vaxt təminat çox aşağı səviyyədə idi. İndi isə hər şey tam fərqlidir və təminat məsələləri çox yüksək səviyyədədir. İndi bizim elə texnikalarımız, silahlarımız var ki, onunla cəbhədə irəliləməyə, düşmənə qalib gəlməyə qadirik. Onsuz da Ordumuz aprel əməliyyatlarından sonra ermənilərin belini sındırıb. Əsgərlərimiz, zabitlərimiz də buna inanırlar. Onlar da gördülər ki, ermənilərin "Ohanyan səddi" deyilən müdafiə xətti boş şeydir. Aprelin əvvəlində baş verən döyüş əməliyyatları da bunu göstərdi. Ermənilər əsgərindən tutmuş mülki şəxslərinə qədər hamı Ordumuzun qabağından qaçırdı. Yalnız Rusiyanın xahişi ilə atəşkəs elan olunandan sonra Azərbaycanın düşmənə qarşı əks-həmləsi dayandırıldı. Lakin Ordumuzun ön xətdə olan zabit və əsgərləri bundan çox böyük təəssüf hissi keçirirlər..."

Lakin polkovnikin fikrincə, münaqişə zonasında hərbi əməliyyatlar hər an yenidən bərpa oluna bilər, ermənilərin əldən verdiklərini və itirilmiş nüfuzunu bərpa etmək üçün yenidən mövqelərimizə hücuma keçməsi mümkündür: "Ermənilər tülküdən də betər hiyləgərdirlər. Mən vaxtilə I Qarabağ müharibəsi dövründə dəfələrlə şahidi olmuşam ki, nə qədər atəşkəs elan olunurdu, məhz ermənilər hər dəfə onu pozurdular. Qruplaşıb zərbə endirməyə və hansısa ərazini ələ keçirməyə çalışırdılar. Ona görə də cəbhə xəttində əsgər və zabitlərlə keçirilən görüşlərdə də demişik ki, daha çox ayıq-sayıq olsunlar. Hamı bilir ki, 1992-ci il mayın 7-də də İranda atəşkəs sazişi imzaladılar, amma 8-də hücuma keçib Şuşanı işğal etdilər. Lakin indiki Ordumuzla 25 il əvvəlki arasında çox böyük fərq var. İndi bizim müasir silahlarımız, hərbi texnikalarımız, onları lazımınca istifadə etməyi bacaran peşəkar kadrlarımız var. Təminat ən yüksək səviyyədədir. Ermənilərdə isə bunlar yoxdur. Bu bizim ən böyük üstünlüyümüzdür. Apreldə baş verən "4 günlük müharibə" vaxtı Azərbaycan tərəfi malik olduğu silah və texnikaların yalnız az bir qismindən istifadə etdi və çox da gözəl nəticələr əldə olundu. O birilərindən də istifadə olunsa, daha böyük uğurlar qazanacağımız şübhəsizdir".

Ekspert Ermənistan tərəfinin Azərbaycanın müəyyən strateji obyektləri, o cümlədən Bakını vuracaqları ilə bağlı hədələrinə də münasibət bildirib: "Bu, həm "blef"dir, həm də göstərir ki, onlar təşviş içində nə danışdıqlarını bilmirlər. Axı bizdə onların atacağı raketləri zərərsizləşdirəcək silah sistemlərimiz də var. Onların raketləri heç cəbhə xəttini keçməyəcək, elə havadaca partladılacaq".

Veteran polkovnik Qarabağda mübarihə başlanacağı təqdirdə yenidən ordu sıralarında düşmənə qarşı vuruşmağa hazır olduqlarını da əlavə edib: "Biz qazilər, veteranlar bununla bağlı artıq Müdafiə Nazirliyinə müraciət etmişik. Hələ ki deyiblər ki, bizə ehtiyac yoxdur. Amma buna baxmayaraq, biz daim hazır vəziyyətdə Ali Baş Komandanın əmrini və müdafiə nazirinin tapşırıqlarını gözləyirik"./milli

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ